Təmsilçimiz “Eurovision-2016” mahnı müsabiqəsinin
finalında
Səmra
Rəhimli: “Mənə
səs verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”
Mən çox xoşbəxtəm,
yəqin ki, qələbə sevincini sabah anlayacağam.
Mənə səs verən, dəstək olan hər kəsə
minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaq üçün əlimdən gələni
əsirgəməyəcəyəm.
Bu sözləri İsveçin
paytaxtı Stokholmda Azərbaycanı “Eurovision-2016” mahnı
müsabiqəsində təmsil
edən Səmra Rəhimli yarışmanın
birinci yarımfinalından
sonra keçirilən
mətbuat konfransında
söyləyib.
Mayın 11-nə keçən gecə “Qlobe” arenada səhnəyə çıxan
təmsilçimiz Amir Ali, Jeyk
Erikson, Henrik Vikstromun müəllifi olduqları
“Miracle” mahnısını ifa edib.
Müğənninin səhnə tərtibatının
müəllifi Royn Söderluntdur. Səmra Rəhimlinin ifası
4 bek vokalçı rəqqasın çıxışı
ilə müşayiət
olunub. Onlardan ikisi - Cesika Marberqen, Vera Prada 2011-ci ildə
“Eurovision” mahnı müsabiqəsinin
qalibləri Eldar Qasımov və Nigar Camalla eyni
səhnəni bölüşüblər.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə
performansında təcəssüm
olunur. Mahnının bəstəkarı Amir Ali “Eurovision”da iştirak edən Aleksandr Rıbak, yunanıstanlı
Helena Paparizu və digərlərinə qələbə
qazandıran musiqilərin
də müəllifidir.
Jurnalistlərin suallarını cavablandıran
Səmra Rəhimli bildirib ki, ölkəmi
bu mötəbər müsabiqədə təmsil
etdiyim üçün
qürur duyuram. Çıxışım zamanı yalnız ifa və performansım
haqqında düşünürəm.
Finalda da möhtəşəm şou göstərmək
arzusundayam.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsi
olan Səmra Rəhimli pop formatında musiqilərin, həmçinin
soul, ballada janrlarında
mahnıların ifaçısıdır.
“O səs Türkiyə”
və “Səs Azərbaycan” yarışmalarında
uğurla iştirak edib.
Mayın 12-də gecə “Qlobe” arenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Hər iki yarımfinaldan son mərhələyə 10 ölkə vəsiqə qazanır. “Eurovision”un təsisçiləri sayılan beş ölkə - Almaniya, Fransa, Britaniya, İtaliya və İspaniya birbaşa finalda iştirak edir. Final konserti mayın 14-də keçiriləcək.
* * *
Onu da qeyd edək ki, bədnam qonşularımız budəfəki “Eurovision” yarışmasında öz xislətlərini göstəriblər. Ermənistan təmsilçisi İveta Mukuçyan birinci yarımfinalda çıxışından sonra qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı qaldırmaqla təxribata yol verib. Azərbaycan nümayəndə heyəti bu təxribata etirazını bildirib.
Bundan sonra Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının hərəkəti ilə bağlı bəyanat yayıb. Bəyanatda erməni ifaçının hərəkəti pislənilərək bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq. Bəyanatda o da vurğulanır ki, müsabiqə qaydalarının pozulması ölkənin müsabiqədən kənarlaşdırılması və digər tədbirlərin tətbiqi ilə nəticələnə bilər.
Avropa Yayım Birliyi “Eurovision-2016” finalında bu hadisənin bir də təkrarlanmaması üçün Ermənistan televiziyasına xəbərdarlıq edib. Əgər belə bir hadisə təkrarlanarsa, onlar finalda çıxışdan məhrum olunacaqlar.
Bu sözləri isə
“Eurovision-2016” mahnı müsabiqəsinin təşkilati məsələlər
üzrə rəhbəri Sietse Bekker deyib.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 8.