Tanışlığın beş çaları
Bilirsiniz, həyatla teatrın oxşar cəhəti nədir? Yəqin ki, Şekspirin sözü ilə cavab verəcəksiniz ki, həyat bir teatrdır, insanlar da aktyor. Olsun! Bilmirəm, Şekspir bu kəlamı söyləyəndə səhnədə çıxış edən aktyorları hər tamaşaçının fərqli görüb qiymətləndirdiyi barədə nəsə düşünübmü, başqa nəyisə nəzərdə tutubmu?.. Amma hər birimiz hər kəsi, o cümlədən öz sevimli yazıçımızı, bəstəkarımızı, müğənnimizi öz baxışları ilə, öz düşüncəsi ilə duyur və sevir. Kiminsə, eynilə mənim kimi bəxti gətirir ki, sevdiyi sənətkar barədə ürəyindən keçənləri paylaşsın, öz düşündüklərini yazsın. Xalq yazıçısı, professor, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev barədə demək istədiklərim var. Üstəlik, yaşanan gün də bu fürsəti verir...
* * *
Onu əvvəlcə yazıçı kimi tanıdım. Dəqiq yadımda deyil, əvvəlcə «Ulduz» jurnalında «Toyuğun diri qalması» povestini oxudum, yoxsa üz qabığında axşam səmasının tünd fonunda qadın və kişi siluetinin şəkli olan «Birinci görüşün tarixçəsi» kitabını. Amma o dəqiq yadımdadır ki, uşaq ağlımla çox mətləbini düzgün anlamadığım bu əsərlər yaddaşımda güclü iz buraxmışdı. Niyəsini sonradan anlayacaqdım. Anlayacaqdım ki, mənə maraqlı gələn, məni maqnit kimi özünə çəkən bu əsərlər o dövrdə gen-bol təbliğ edilən cansıxıcı «sovet gənci» obrazının qəlibinə sığmadığı üçün maraqlıdır. Ona da diqqət yetirəcəkdim ki, bu yazıçının ayrı-ayrı əsərlərindəki insanlar bir-birini tanıyırlar, bu hekayədəki baş qəhrəman o biri povestdə bir-iki dəfə baş qəhrəmana rast gəlir, hansısa epizodda adı çəkilir... İnsan taleyinin bu ardıcıllıqla izlənməsi bir oxucu kimi mənə xoş gəlir, həmin qəhrəmanları mənə doğmalaşdırırdı.
* * *
Onu yazıçılıqdan
sonra ssenarist kimi tanıdım. Xronologiyaya nəzər
salsaq, əslində ssenarist kimi tanımaq elə yazıçı ilə tanışlıq zamanına
təsadüf edib.
«Baladadaşın ilk məhəbbəti»,
«Arxadan vurulan zərbə», «Gümüşü
furqon», «Bağ mövsümü» və digər filmlərə azmı baxmışıq?
Sadəcə, adi tamaşaçı film titrlərində
aktyorların adına daha çox diqqət yetirib yadda saxlayar,
nəinki rejissor ilə ssenaristin kimliyi ilə maraqlanar. Bu filmlərdə
də insana fərqli yanaşma, adi həyatda biganə qaldığımız,
saymadığımız, hətta
daxili aləminin olduğuna şübhə
ilə yanaşdığımız
insanların içindəki
təlatümlərin təzahürü,
qeyri-standart əməlləri
diqqətimi çəkdi.
* * *
Onu ssenaristlikdən
sonra tənqidçi-tədqiqatçı
kimi tanıdım. Mirzə Fətəli
Axundzadənin 160 illik
yubileyinə həsr olunmuş yığıncaq
televiziya ilə translyasiya olunurdu. O zaman respublika səviyyəsində qeyd olunan belə təntənəli tədbirlərdə
həmişə partiya
funksionerləri məruzə
edərdi deyə, bənd olub dinləməzdim: bilirdim ki, özü yazmayıb. Amma artıq yazıçı,
ssenarist kimi kifayət qədər tanınmış bir şəxsin məruzəyə
başladığını görüncə, diqqət
kəsildim. Çünki əmindim ki, bu məruzəni o özü yazıb. Həmin məruzə yaddaşıma
necə həkk oldusa, illər sonra məruzəçi ilə söhbətləşmək
şərəfinə nail olarkən
həmin məruzədəki
cümlələri ona
xatırlatdım. Sonradan biləcəkdim
ki, «Azərbaycan bədii nəsri ədəbi tənqiddə»
mövzusunda namizədlik,
«Ədəbiyyatda tarix
və müasirlik problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
* * *
Onu tənqidçi-tədqiqatçılıqdan
sonra dramaturq kimi tanıdım. Dövrün nəbzini tutan maraqlı komediyaları, yenə də insan qəlbinin dilə gətirilməyən
istəklərini açıb
göstərən dramları
bir tamaşaçı
kimi sinirlərimi qıcıqlandırdı, onun
qəhrəmanlarına həyatda
rast gələrkən
bir qədər fərqli yanaşmağı
öyrətdi. Əslində onu dramaturgiyaya teatr rejissorları gətirdi. Əvvəlcə,
«Mahmud və Məryəm»,
sonra «Ağ dəvə» və «Ölüm hökmü» romanlarını səhnələşdirdilər,
romanlardakı dramatizmi
səhnəyə çıxardılar.
Sonra da özü pyeslər yazdı. Bəlkə də əvvəldən yazmışdı, sadəcə,
üzə çıxarmamışdı.
Sənət adamlarının
da öz qəribəlikləri var axı... Hə, əvvəlcə «Ah, Paris, Paris», sonra «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Salam, mən sizin dayınızam», «Poçt şöbəsində
xəyal», «Qatil», “Teleskop”, “Şekspir” pyesləri tamaşaya qoyuldu. Özü də bir teatrda yox, bir
neçəsində. Müəllif kimi pyes yazmağa bir qədər ara verəndə
isə teatr rejissorları yenə «dinc durmadılar»: «Buzovna kəndinin əhvalatları», «Baladadaşın
toy hamamı» əsərləri
səhnə həllini
tapdı.
* * *
Onu yüksək
vəzifəli dövlət
xadimi kimi də tanıyırıq. Bu dəfə niyə tək halda yox, cəm halda
yazıram? Ona görə
ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevi
hər kəs eyni cür tanıyır.
Məncə, əslində
belə də olmalıdır: hər kəs yazıçını,
dramaturqu onun yaradıcılığındakı hansısa fikrinə, üsyankarlığına, qəlibləri
sındırıb dağıtdığına,
yeni bir cığır açdığına
görə sevməlidir.
Amma məmurun gördüyü işin,
vəzifəsini necə
yerinə yetirməyin
yalnız iki qütbü var: yaxşı, ya da pis. Əgər yazıçı-dramaturq-tənqidçi
Elçinə yaradıcılığından
dolayı münasibət
fərqlidirsə, məmur
Elçin Əfəndiyevin
vəzifəsini necə
icra etdiyinə görə münasibət
yaxşı mənada
birmənalıdır.
* * *
Bir dəfə
televiziya ilə görkəmli ədibimiz İlyas Əfəndiyev haqqında veriliş gedirdi. Elçin müəllim çıxışında
yazıçı xisləti
ilə bağlı maraqlı bir xatirə danışdı.
Dedi ki, atamın çox zəngin kitabxanası var idi. Hərdən dünya klassiklərinin cild-cild düzülmüş
kitablarına baxıb
deyərdi ki, eh, bunlardan sonra yazmağa dəyərmi?
Düzü, nə İlyas
Əfəndiyevin öz
sualına nə cavab verdiyi yadımda
qalıb, nə də Elçinin atasının bu sualına necə münasibət bildirməsi.
Əgər bu sualı diqqətli, duyğusal oxucuya versəydilər, yəqin
cavab belə olardı: Dəyər, əziz yazıçım,
dəyər. Əgər deməyə
sözün, bildirməyə
münasibətin varsa,
yazmağa dəyər.
* * *
Bu gün Xalq yazıçısı Elçinin
73 yaşı tamam olur. Əminəm ki, bu gün onu şəxsən,
ya da mətbuat
vasitəsilə təbrik
etmək istəyən
çox, bu fürsət isə az. Bu təbriki yazmaq da mənə nəsib oldu. Görkəmli ədibimizə
ən xoş
diləklərlə
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 13 may.-
S. 7.