Hərb tariximizin
bizə qayıdan səhifələri
Görkəmli sərkərdə haqqında sənədli filmin təqdimatı
Mayın 11-də
Nizami Kino Mərkəzində
“Hüseyn xan
Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli
filminin təqdimatı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyası və “Lennauçfilm” (Rusiya) studiyasının birgə istehsalı olan film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, çar II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları iştirak edirdi.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Respublika Veteranları Təşkilatı rəyasət heyətinin üzvü, ehtiyatda olan polkovnik Rasim Muxtarov çıxış edərək görkəmli sərkərdənin ömür yolundan, müxtəlif vaxtlarda iştirak etdiyi döyüşlərdən, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğunda iştirakından söz açdı. Qeyd olundu ki, rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906-cı ildə Tiflisdə yerləşən 17-ci draqun alayının komandiri təyin olunur. Uzun müddət orduda xidmət etməsi və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant rütbəsinədək yüksəlir.
Bildirildi ki, Hüseyn xan Naxçıvanskinin həyatına işıq salan bu ekran əsəri ilə şanlı hərb tariximiz özümüzə qaytarılır.
Ekran əsərinin prodüseri Tahir Əliyev çıxış edərək filmin üç il müddətində çəkildiyini vurğuladı: “Filmin ideyası 2011-ci ildə “Lennauçfilm” studiyasında ezamiyyətdə olan zaman yarandı. Ekran işinin ssenari müəllifi və rejissoru Valentina Qurkalenko belə bir film çəkməyi təklif edəndə “Lennauçfilm” studiyası layihəni gerçəkləşdirməyə razılaşdı. Nəticədə ortaq film ərsəyə gəldi”.
Qeyd etdi ki, filmin yaxın zamanlarda Rusiyanın Sankt-Peterburq şəhərində də təqdimatının keçirilməsi planlaşdırılır.
Daha sonra
film nümayiş olundu. Sənədli filmin çəkilişləri
Bakı, Naxçıvan
və Sankt-Peterburq şəhərlərində aparılıb,
tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunub.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 13 may.-
S. 3.