Gərək Brodveydən gələn
olaydı ki...
Yəqin ki, teatr aləmində baş verən yenilikləri izləyənlər
mayın əvvəlindən ABŞ-ın «Brodvey»
musiqi layihəsinin Azərbaycan Dövlət
Musiqili Teatrında təqdim
olunacağı xəbərini nəzərdən
qaçırmamışdılar. Musiqili Teatrla birgə təqdim edilən layihənin
hazırlıq prosesi barədə biz də qəzetimizdə məlumatlar vermişdik.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Piterson, beş ildən bəri bir çox ölkədə layihələr gerçəkləşdirmiş «Company-E» şirkətinin rəhbəri Pol Qordon Emerson və digər amerikalı qonaqlar teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ilə və yaradıcı kollektivlə müzakirələr aparmışdılar. Sonra isə məşqlər başlamışdı.
Bizim ötən bazar günü, yəni konsert-tamaşanın təqdim edildiyi ikinci gün gördüklərimiz sübuta yetirdi ki, teatrda çox gərgin və məhsuldar məşqlər olub. Nəticə barədə də bir qədər sonra.
* * *
Hələlik isə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutan layihənin iştirakçılarının tamaşa öncəsi fikirlərini təqdim edək.
Pol Qordon Emerson (layihənin prodüseri):
- İlk təəssüratım
belədir: Azərbaycan
möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə
baş çəkirik.
Xüsusilə Bakının gecə
görüntüsü ecazkardır.
Mən son
vaxtlar heç bir şəhərdə bu qədər təəccüblənməmişdim. Musiqili Teatr isə Bakının mərkəzində
reallaşdırılmış fantastikadır. Teatrın
direktoru Əliqismət
Lalayev məlumat verdi ki,
bina ölkə Prezidenti İlham Əliyevin sərəncamı
ilə təmir olunduqdan sonra belə möhtəşəm
görkəm alıb.
Tam səmimi deyirəm:
mən Musiqili Teatrın binasına, yaradılmış şəraitə,
yaradıcı mühitə
heyran oldum.
Amikaelya
Qaston (prodüser, vokalçı, xor və vokal üzrə
direktor):
- Burda olmağımdan çox məmnunam. Bizim kollektiv mədəniyyət
layihələrilə dünyanın
çox ölkəsində
çıxış edib.
Tam məsuliyyət ilə
deyirəm: məhz sizin Musiqili Teatrın səhnəsi indiyəqədərki karyeramda
ifa edəcəyim ən müasir, ən möhtəşəm
səhnə olacaq.
Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər
üzrə direktor):
- Azərbaycan xalqının
ən böyük özəlliklərindən biri
onun qonaqpərvərliyidir.
İnsanların mehribanlığı, istiqanlılığı adamı
sadəcə məftun
edir. Bakı isə başqa
aləmdir. Dünyada belə
şəhərlər çox
azdır. Burada tarixlə
müasirlik vəhdətdədir.
Musiqili Teatrda, belə professional kollektivlə
işləmək isə
insana xüsusi zövq verir. Sanki uzun illərdir
ki, bir yerdə
işləyirik.
* * *
Bu da nəticə. Nə gizlədim,
əslində tamaşada
məni gələnlərin
səviyyəsi, bir də bizimkilərin tələffüzü daha
çox maraqlandırırdı.
İlk təəssürat özünü
çox gözlətmədi.
Vokalçı Amikaelya
Qastonun solo ifası ilə başlayan proqram bizim solistlərin
ifası, amerikalılarla
bizim balet truppasının birgə çıxışları ilə
əvəzləndi. Bizim vokalçıların
ifa etdiyi «Sarı gəlin» xalq mahnısının nəqarətinə qoşulan
Amikaelya Qastonun sözlərin tələffüzündə
və mahnının melodik ritminə düşməkdə çətinlik
çəkməsi diqqətdən
yayınmadı. Əlbəttə, cəmi iki həftə
ərzində heç
zaman oxumadığın
ariya və mahnıları əcnəbi
dildə ifa etmək asan deyil.
Orkestr çökəyi
yuxarı qaldırıldığından
xanım dirijor və pianoçu Tami Holun orkestrin üzvləri ilə musiqi dilində tam anlaşdığı və
bunun nəticəsi olaraq da kiçik
orkestr qrupunun çoxsəsli musiqi kollektivi kimi səslənişi səhnədəki
çıxışlara xüsusi
rəng qatdı.
Xor və balet truppasının böyük həvəs və peşəkarlıqla
çıxışını, hər kəsin xoş ovqatda olmasını xüsusi qeyd etmək lazımdır. Halbuki xorun mikrofon,
solistlər isə mikrofonla çıxış
edirdi. Amma bizim solistlərin içində iki nəfər var idi ki, onlar
üçün mikrofonun
imkanları və mövcudluğu heç fərq etmədi: əməkdar artistlər Nərgiz Kərimova və Səidə Şərifəliyevanı seyr
edib dinlədikcə adama elə gəlirdi ki, bu xanımlar əsl müzikl solistləridir.
Baletin çıxışına
gəlincə, solistlərin,
xüsusən də balerinaların üzündəki
sevinc və xoşbəxtlik ifadəsini
sezməmək mümkün
deyildi. Əgər cəmi ikihəftəlik məşqdən sonra ilk dəfə ifa etdikləri rəqslərdə
bu cür sinxronluğa və hərəkət ifadəliliyinə
nail ola biliblərsə,
deməli, xoşbəxt
görünməyə əsas
var!
Konsert proqramı
başa çatdıqdan
sonra ayaqüstü də olsa, dirijor-pianoçu
Tami Hol ilə söhbət etdik.
- Xanım Hol, Bakıya xoş gəlmisiniz. Təəssüratınızı bilmək istərdik.
- Çox sağ
olun. Belə gözəl şəhərdə
olduğum, belə möhtəşəm teatrda
çox istedadlı və mehriban kollektivlə az
da olsa, birgə çalışdığım
üçün məmnunam.
- Teatrın yaradıcı heyətinin potensialını
necə qiymətləndirirsiniz?
- Çox yüksək. Belə kollektivlə ən çətin əsərləri
belə səhnələşdirmək
olar. Ən azından ona
görə, biz hamımız
bir dildə - musiqi dilində danışırıq.
- Azərbaycana gələnə
qədər bizim musiqimiz barədə məlumatınız var idimi?
- Təəssüf ki, yox. Mən burada sizin milli və klassik musiqinizi dinləyəndə valeh oldum. Muğam mənim qəlbimə o qədər yatdı ki, bir daha Bakıya gəlib muğam üzrə təhsil almaq niyyətindəyəm.
...Beləcə, daha bir uğurlu beynəlxalq layihə baş tutdu. Bəlkə də öz aləmində bizə nəsə öyrədəcəklərini, bizləri özlərinə heyran qoyacaqlarını fərz edənlər özləri bizə heyran oldular.
«Brodvey şousu» layihəsi onu da göstərdi ki, bizim Musiqili Teatr üçün əsər yazanlar və tamaşa qoyanlar bu kollektivin potensialından daha geniş, mövcud tamaşa-göstəri çərçivəsini aşaraq, istifadə etməyi bacarmalıdırlar. Bu zaman həmin tamaşalara ölkəmizə yolu düşən, burada yaşayan, çalışan əcnəbilər də həvəslə gələcək. Görünür, bunu bir daha yəqin etmək üçün gərək Brodveydən gələn olaydı...
Və son olaraq. Materialın hazırlanmasında göstərdiyi köməyə görə Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğluna təşəkkürümüzü bildiririk.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 18 may.-
S. 13.