Görkəmli rejissor Aleksandr Tuqanovun xatirəsi anıldı
Mayın 16-da Azərbaycan
Teatr Xadimləri İttifaqında görkəmli
teatr rejissoru Aleksandr Tuqanovun anadan olmasının 145 illiyi
münasibətilə elmi-nəzəri konfrans
keçirildi.
İttifaqın Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi” mövzulu konfransda sənətkarın yaradıcılığının müxtəlif məqamlarından söz açıldı.
İttifaqın idarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov tədbiri açaraq zaman keçdikcə xatirə və tədqiqatlardan tanıdığımız rejissorun Azərbaycanda fəaliyyəti barədə məlumat verdi. Sonra məruzələr dinlənildi.
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə «Aleksandr Tuqanov yaradıcılığında Cəfər Cabbarlı fenomeni» adlı məruzəsində iki böyük teatr fədaisinin - dramaturq və rejissorun sıx dostluğundan, onların çoxlarına örnək olacaq yaradıcılıq tandemindən bəhs etdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə «Azərbaycan rejissura tarixində Aleksandr Tuqanov bölümü» adlı məruzəsində bir zaman hər kəsin sevərək San Sanıç çağırdığı rejissorun Rusiyada aktyorluq, Qafqazda rejissorluq fəaliyyətinə nəzər saldı.
Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov isə «Azərbaycan teatrşünaslığında Aleksandr Tuqanov yaradıcılığının tədqiqi» mövzusunda danışaraq hələ o zaman teatr tənqidçilərinin Tuqanov yaradıcılığına birmənalı yanaşmadıqlarını xatırlatdı. Onun xüsusilə də 1924-1937-ci illərdə quruluş verdiyi tamaşalar barədə o dövrün tənqidi fikirlərini yada saldı.
Xalq artisti, qocaman rejissor Ağakişi Kazımov Aleksandr Tuqanovun 60 il əvvəl, 1956-cı ilin may ayında keçirilmiş yubiley tədbirini xatırladı. Görkəmli rejissorla şəxsən ünsiyyətdə olmuş sənət adamı kimi həmin illərdən, onun yaradıcılığının zirvə və eniş dövrlərinin xüsusiyyətlərindən söhbət açan Ağakişi müəllim öz şəxsi arxivindən Tuqanov ilə birlikdə çəkilmiş fotonu Azərbaycan Teatr Muzeyinə bağışladı.
Xalq artisti Rafiq Əzimov dünyasını dəyişmiş teatr xadimlərinin xatirəsinin əziz tutulmasına, onların yaradıcılığının araşdırılmasına xidmət edən bu cür tədbirlərin təşkilinə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirdi.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 18 may.-
S. 12.