Fəxrəddin Qəhrəmanlının “Bahar” sərgisi

Mayın 11-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Fəxrəddin Qəhrəmanlının “Bahar” adlı fərdi sərgisinin açılışı oldu.

Tədbiri ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq həmkarının yaradıcılığı haqqında iştirakçılara bilgi verdi. Təqdim olunan 60 əsərin rəssamın çoxillik yaradıcılıq axtarışlarının məhsulu olduğu vurğulandı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, rəssam Arif Əziz həmkarını təbrik etdi, onun əsərləri haqqında düşüncələrini bölüşdü.

Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov sərgi üçün əsərləri müəlliflə birgə seçdiklərini, sərgidə rəssamın ən yaxşı əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırdı.

Rəssam Fəxrəddin Qəhrəmanlı sərginin təşkilində zəhməti keçənlərə minnətdarlığını bildirdi.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular. Qeyd edək ki, sərgidə rəssamın yağlı və sulu boya texnikası ilə işlənmiş əsərləri nümayiş olunur. Onların çoxu mənzərə janrındadır.

F.Qəhrəmanlı 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə ADMİU-nun rəssamlıq fakültəsini bitirib. 2005-ci ildən ARİ-nin üzvüdür. ADMİU-nun rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimidir, rəsm və rəngkarlıq fənlərini tədris edir.

Soltan

Mədəniyyət.- 2016.- 18 may.- S. 12.