Dünya Turizm Təşkilatının fəxri
baş katibi ATMU-nun fəxri doktoru olub
Mayın 16-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi şurasının iclasında Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) fəxri baş katibi Françesko Franjialliniyə ali məktəbin fəxri doktoru adının verilməsi barədə qərar qəbul olunub.
1947-ci ildə Parisdə anadan olan Françesko Franjiallini 1986-1989-cu illərdə Fransanın Milli Turizm İdarəsinə başçılıq edib. 1990-1996-cı illərdə Dünya Turizm Təşkilatında baş katibin müavini, 1997-2009-cu illərdə isə həmin təşkilatın baş katibi olub.
F.Franjiallini DTT-də baş katib vəzifəsində
işlədiyi müddətdə Azərbaycanın quruma üzvlüyünə dəstək olub, bir neçə dəfə
ölkəmizə səfər edib və
ölkə rəhbərliyi səviyyəsində qəbul edilib. Onun 2016-cı il 17-21 may tarixində Bakıya səfəri
gedişində ATMU tələbələrinə “Dünya ticarətində turizmin
rolu”, “Turizm sektorunda böhran və turizmin yerli və milli səviyyədə təşkili” və s. mövzularda məruzələr
oxuması nəzərdə tutulur. Qonağa fəxri doktor diplomu 20 mayda təqdim olunacaq.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 9.