İyunda Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareys açılacaq

“Azərbaycanlı turistlərə cəlbedici turizm paketlərini təklif etməyə hazırıq”

Mayın 16-da “Fairmont” hotelində Azərbaycan və Misir arasında turizm sektoru üzrə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirildi.

Tədbirdə Misirin ölkəmizdəki səfiri xanım Suzan Cəmil Nuh, Misir Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri, Misir Hotellər Assosiasiyasının rəhbəri Əhməd Əyyub, bu ölkənin Turizm Federasiyası Palatasının nümayəndələri və başqa qonaqlar iştirak edirdi. “Air Cairo” şirkətinin kommersiya direktoru Fəthi Attia və Azərbaycanın turizm şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün ölkəmizə gələn Misirin 13 turoperatorunun nümayəndələri də tədbirə qatılmışdı.

Səfir Suzan Cəmil Nuh bildirdi ki, turizm sektoru Misir iqtisadiyyatında ən mühüm yerlərdən birini tutur: “Bugünkü görüşün əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafına nail olmaqdır. Bu görüş həm də qarşılıqlı turist sayını artırmaq üçün fürsətdir. Biz burada yaranacaq əlaqələri yaxından izləyəcəyik və düşünürəm ki, ölkələrimizin bu sahədə əməkdaşlığının geniş persperktivləri var”.

Misir Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri qeyd etdi ki, Azərbaycan mövcud imkanları ilə yaxın zamanda turizm sahəsində dünyada öz sözünü deyə biləcək bir ölkəyə çevriləcək: “Bizim məqsədimiz qarşılıqlı münasibətlər çərçivəsində həm buradan Misirə, həm də Misirdən Azərbaycana turistləri cəlb etməkdir”.

Misir Hotellər Assosiasiyasının rəhbəri Əhməd Əyyub vurğuladı ki, bu ölkədəki hotellərin 50 faizi 2-3 ulduzludur. Onun sözlərinə görə, Misirdə 4 milyondan çox insan turizm sektorunda fəaliyyət göstərir və ölkədə ÜDM-in 12 faizi turizm sektoru hesabına formalaşır. Son 10 il ərzində Misiri ziyarət edən turistlərin sayı 5 milyondan 15 milyona çatıb.

Misirin Turizm Federasiyası Palatasının nümayəndəsi Əli Qonaym iki ölkə arasında oxşarlıqların olduğunu söylədi, burada gördüyü qonaqpərvərliyi, zəngin mətbəximizi yüksək qiymətləndirdi. Ölkəsinin ilboyu turizm imkanlarından söz açan qonaq bildirdi ki, qışda belə Qırmızı dəniz sahilində, o cümlədən Şarm Əl-Şeyxdə insanlar dincələ, çimərlikdən istifadə edə bilərlər.

“Air Cairo” aviaşirkətinin kommersiya direktoru Fəthi Attia isə Misirin əsas turizm mərkəzi olan Şarm Əl-Şeyxə turistlərin cəlbi üçün iyun ayının 3-dən birbaşa aviareysə start veriləcəyini dedi. Onun sözlərinə görə, Bakıdan Şarm Əl-Şeyxə uçuşlar həftədə 1 dəfə - cümə günü “Air Carioaviaşirkəti tərəfindən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Daha sonra isə aviareyslərin sayının artırılması da gözlənilir. Bir biletin qiyməti iki tərəfə təxminən 350 dollar təşkil edəcək.

Sonra Misirin Praqadakı (Çexiya) Turizm İdarəsinin rəhbəri Məhəmməd Desuki ölkəsinin turizm imkanları barədə təqdimatla çıxış etdi. Bildirdi ki, azərbaycanlı turistlərə yeni yüksək keyfiyyətli cəlbedici turizm paketlərini təklif etməyə hazırıq. Onun sözlərinə görə, 2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlı turistlərin sayında müəyyən azalma baş verib. Son zamanlar isə onlar arasında Misir kurortlarının populyarlığı yenidən artıb. Bakıdan birbaşa təyyarə reysinin açılması ilə Misir kurortlarına səfər etmək daha da asanlaşacaq.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 18 may.- S. 9.