Kukla dünyasının “Gecə nağılları”

Muzey Mərkəzində belaruslu kukla ustasının əl işləri sərgilənir

Mayın 13-də Muzey Mərkəzində Belarusdan olan tanınmış kukla ustası Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirildi. Sərgi “Kuklaart qalereyası və Muzey Mərkəzi tərəfindən təşkil edilmişdi. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, sənətsevərlər qatılmışdı.

Mərasimdə çıxış edən “Kuklaart qalereyasının rəhbəri Lalə Kazımova sərginin açılışının əlamətdar bir günə təsadüf etdiyini bildirdiüç il əvvəl Bakıda ilk dəfə “Kuklaart qalereyasının fəaliyyətə başladığını diqqətə çatdırdı.

Qeyd etdi ki, Bakıda keçirilən beynəlxalq kukla biennalelərinin daimi iştirakçısı olan Qalina Dmitruk paytaxtımızda ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihə hazırlayıb: “Şəhərimizin sənətsevərləri Qalinanın əsərləri ilə yaxından tanışdırlar. Çünki bu onun şəhərimizə ilk səfəri deyil. O, Bakıya vurğun insandır. Bizim qadınlar onu ilhamlandırıb və bu gün sərgilənən fərqli üslubda əsərlər məhz Bakı üçün hazırlanıb. Sərgidə 9 kukla nümayiş olunur. İnanıram ki, həm şəhərimizin qonaqları, həm də sakinlərimiz sərgini bəyənəcəklər”.

Sonra əsrarəngiz kuklalardan ibarət sərgiyə baxış oldu.

Məlumat üçün bildirək ki, Qalina Dmitrukun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiyaİspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəllif öz işlərini Belarusda nadir hallarda sərgiləyir. Kuklaçının əsərləri İsveçrə, ABŞ, Almaniya, Çexiya, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.

Kukla dizaynı Belarusda nisbətən yeni sahədir və son on ildə inkişaf etməyə başlayıb. İxtisasca jurnalist olan Q.Dmitruk ölkəsində bu incəsənət sahəsinin banilərindən sayılır. Onun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özündə əks emosiyalarla dolu daxili aləmləri ehtiva edir. Müəllifin bir-birini təkrarlamayan yüzdən artıq işi varbu kuklaların özlərinə məxsus hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar - bunların hamısı insanı ovsunlayır...

Sərgidən öncə jurnalistlərə müsahibə verən kukla ustası Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirdi: “Bakı mənim daim sevə-sevə səfər etdiyim şəhərlərdəndir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Əl işlərimi sənətsevər şəhərdə təqdim etməkdən məmnunam. “Gecə nağılları” kolleksiyamı Azərbaycan xanımlarından ilhamlanaraq yaratmışam. İnanıram ki, sərgini ziyarət edənlər kuklalara baxdıqlarında mənimlə eyni hisləri duyacaqlar. Hər kəsin sərgidən xoş təəssüratlarla ayrılacağına ümid edirəm”.

Muzey Mərkəzində belaruslu kukla ustasının sərgisi mayın 17-dək davam edib.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 18 may.- S. 8.