İranla mədəniyyət
sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunub
Mayın
13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan
İranın İslam Mədəniyyəti
və Əlaqələri Təşkilatının sədri
Abuzər İbrahimi Türkmanın
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşdü.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirdi. Vurğulandı ki, bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə daha da təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə daha sıx bağlayır.
Nazir bu ilin aprel ayında ölkəmizin ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Sultanifəri ilə keçirdiyi görüşü xatırlatdı. Bildirdi ki, görüş zamanı iki ölkə arasında mədəniyyət, xüsusilə də turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.
İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olduqlarını, səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirdiklərini dedi: “Ölkələrimiz ortaq tarix, ortaq mədəniyyət və eyni adət-ənənəyə sahibdirlər. Hər dəfə Azərbaycana gələndə burada gördüyümüz inkişaf bizi çox sevindirir. Burada biz özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan bizim üçün doğma bir ölkədir”.
İranlı qonaq rəhbərlik etdiyi təşkilatın 60-dan çox ölkədə 83 mədəniyyət mərkəzinin olduğunu vurğuladı. Bildirdi ki, bu mərkəzlərdən biri də Azərbaycanda fəaliyyət göstərir: “Son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir. İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir, turist səfərlərinin sayı artır. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir”.
Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.
Fariz
Mədəniyyət.- 2016.- 18 may.-
S. 7.