“Sabaha
bizimlə gedəcək Şuşa”
Niyazi adına uşaq incəsənət məktəbinin hesabat konserti
Mayın 14-də Suraxanı rayonundakı Qurban Abbasov adına Mədəniyyət sarayında Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbinin 2015/2016 tədris ilinin yekununa həsr olunmuş hesabat konserti keçirildi.
Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq bildirdi ki, Şuşa şəhər uşaq incəsənət məktəbi həmişə öz tədris ənənələri ilə seçilib: “Şuşanın işğalından ötən 24 il ərzində bu ənənələrin yaşaması üçün böyük səy göstərmişik. Məktəbimizin yetirmələri həmişə konsert proqramlarına, tədbirlərə qatılıb, respublikada keçirilən müsabiqə və festivallarda yaxından iştirak edib”.
Son vaxtlar cəbhədə ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu bildirən direktor dedi ki, bu, işğal altındakı yurdlarımızın azad ediləcəyi günün uzaqda olmadığından xəbər verir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Vüsalə Fətəliyeva çıxışında təhsil ocağının tarixindən söz açdı. Bildirildi ki, 24 illik məcburi köçkün həyatı yaşayan məktəb mədəniyyət xəzinəmizə töhfələr bəxş edib, yetirdiyi görkəmli sənət adamları Şuşanı, eləcə də Azərbaycanı dünyada tanıdıb: “Bu gün də məktəbin şagirdləri istedadları, uğurları ilə seçilirlər. Onlar unutmamalıdır ki, xalq artistləri Əşrəf Abbasov, Süleyman Ələsgərov və digər görkəmli sənətkarlarımızın oxuduğu məktəbdə təhsil alırlar. Məktəbin zəngin tədris ənənələri digər məktəblərimizə də örnək olmalıdır”.
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov məktəbin tədbirlərində yaxından iştirak etdiklərini bildirdi. Qeyd etdi ki, pedaqoji kollektiv dərslərə yaradıcı yanaşır. Bunun nəticəsidir ki, şagirdlərin müxtəlif müsabiqə və festivallardan xoş soraqları eşidilir. Ötən günlərdə məktəbin üç şagirdi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədən üç qızıl medalla dönüb.
Z.Abbasov məktəbin direktoruna Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanını təqdim etdi.
Çıxışlardan sonra ifalar başladı. Məktəbin müəllim və şagirdləri Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından fraqment, Qara Qarayevin “Dəniz neftçilərinin mahnısı”, Rəşid Şəfəqin “And yerimiz”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”, Ələkbər Tağıyevin “Azərbaycan qızıyam”, Arif Məlikovun “Prelüd”, L.Bethovenin “III alman rəqsi”, Süleyman Ələsgərovun “Şuşa”, Səid Rüstəmovun “Sumqayıt”, “Azərbaycan ritmləri”, Mirkamil Ağamirovun “Sabaha bizimlə gedəcək Şuşa”, “Dəsmalla rəqs”, “Şahnaz muğamı” və s. mahnı və rəqsləri ifa etdilər.
Sonda məktəbin “İlin ən yaxşı müəllimi” adını qazanmış E.Məmmədovaya və “Təbəssüm” rəqs qrupuna fəxri diplomlar verildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 18 may.-
S. 7.