Efiopiyanın nümayəndə
heyəti ölkəmizə səfər edib
Görüşlərdə mədəniyyət və turizm əməkdaşlığı ilə bağlı müzakirələr aparılıb
Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət
və turizm üzrə dövlət naziri xanım Meaze Gebremedh ölkəmizə səfərə gəlib.
Nümayəndə heyəti bir sıra
görüşlər keçirib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Efiopiya dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Vaqif Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi əhəmiyyətdən danışaraq, 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini, bu ilin 25-27 aprel 2016-cı il tarixində ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etdiyini bildirib. Vurğulanıb ki, bu qəbildən beynəlxalq forumlar, konfranslar, mədəni aksiyalar ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrini və dünya xalqlarını bir araya gətirməklə yanaşı, Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Vaqif Əliyev münaqişənin Azərbaycanın işğal altında olan bölgəsinin turizm məkanı kimi inkişafına maneə törətdiyini diqqətə çatdırıb.
Efiopiyanı dövlət naziri Meaze Gebremedhin Gebreegzini səmimi qəbula görə təşəkkürünü bildirib. Qonaq iki ölkənin mədəniyyət və turizm sahələrində əməkdaşlığının inkişafına inamını ifadə edib.
* * *
Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Gebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub. Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət qonaqlara Azərbaycan teatrının tarixi, ənənələri haqqında məlumat verib.
Qeyd edib ki, Azərbaycanın teatr sahəsində bir çox ölkələrlə əməkdaşlığı mövcuddur, qarşılıqlı qastrollar təşkil olunur: “Müsəlman ölkələri ilə yaradıcı sahədə əməkdaşlığımız daha sıxdır. İstərdik ki, Efiopiya ilə də bu əlaqələrimiz qurulsun, inkişaf etsin”.
Efiopiyalı nazir iki ölkə arasında mədəni əlaqələrin, teatr sahəsində əməkdaşlığın vacibliyindən danışıb.
Sonra teatrla yaxından tanış olan qonaqlar repertuarda olan “Şah Qacar” tamaşasına da baxıblar.
* * *
Efiopiya nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) də olub.
Universitetin prorektoru
Eldar Aslanovun qonaqlarla görüşündə Azərbaycanda
turizmin vəziyyəti, region
və ölkə səviyyəsində inkişaf
perspektivləri, eləcə də tədris ocağı barədə
məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Xanım nazirə
xatirə hədiyyəsi, ölkəmiz və universitetlə
bağlı tanıtım nəşrləri təqdim olunub.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 6.