Kann festivalında işgüzar sənət görüşləri

 

Mayın 11-də başlanan 69-cu Kann kinofestivalı sona yaxınlaşmaqdadır. Festivala mayın 22-də yekun vurulacaq, “Qızıl palma budağı” və digər mükafatlar sahiblərini tapacaq.

Xəbər verdiyimiz kimi, bu il artıq altıncı dəfədir ki, Kann festivalında Azərbaycanın kino pavilyonu fəaliyyət göstərir. Festivalda Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissorprodüser İlqar Nəcəf, ssenaristrejissor Asif Rüstəmov iştirak edirlər.

Azərbaycan təmsilçiləri müxtəlif ölkələrin kino şirkətləri və təşkilatları, film festivallarının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirirlər.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, belə görüşlərdən biri Türkiyə nümayəndələri ilə keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino müdiriyyətinin rəhbəri Erkin Yılmaz və Ankara Kino Assosiasiyasının sədri Əhməd Boyacıoğlu ilə görüşdə ölkələrimiz arasında kino istehsalının genişlənməsi məsələləri müzakirə olunub. Bu məqsədlə ikitərəfli anlaşma sənədinin hazırlanması üçün yaxın vaxtlarda konkret təkliflərin təqdim olunacağı qeyd edilib. Xalqlarımızın tarixini əks etdirən müştərək film çəkilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Gürcüstan Milli Kino Mərkəzinin direktoru Zurab Maqalaşvili ilə görüşdə yeni ideyaların və müştərək layihələrin irəli sürülməsi və həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Danışıqları Tbilisidə və Bakıda davam etdirmək qərara alınıb.

Azərbaycanın kino pavilyonunda Almaniyanın “Cottbusfilm festivalının direktoru Bernd Buder ilə də görüş keçirilib. Görüşdə son illərdə geniş yayılan pitçinq (kino layihələrinin təqdimatı və müdafiəsi) və layihə üçün xarici vəsaitlərin cəlb olunması barədə müzakirə aparılıb. “Cottbus” festivalının rəhbəri ilə təcrübəli mütəxəssislər tərəfindən Azərbaycanda ustad dərslərinin keçirilməsi haqqında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, son illərdə “Cottbus” festivalında “4.1 Şəhər motivləri”, “Axınla aşağı”, “40-cı qapı”, “Ev” və başqa filmlərimiz nümayiş etdirilib.

Mədəniyyət.- 2016.- 20 may.- S. 16.