“Qız qalasının hündürlüyü 32 metrdir

 

“İndiyə kimi kitablarda qalanın hündürlüyünün 28 metr olduğunu yazırlar”

Fəxrəddin Miralay tanınmış memarlarımızdandır. Onun memarlıq abidələrinin bərpası sahəsində böyük təcrübəsi və xidmətləri var. Memar bu sahədə nəinki respublikamızda, eləcə də dünyanın müxtəlif ölkələrində uğurlu layihələr gerçəkləşdirir. Təkcə Azərbaycan yox, bütövlükdə Şərq memarlığını dərindən bilir. Memarla Qız qalasının yanında görüşdük. Söhbətə də bu abidədən başladıq.

 

- Fəxrəddin müəllim, Qız qalasında bir neçə il öncə aparılan konservasiya layihəsinin hazırlanmasında yaxından iştirak etmisiniz. Müxtəlif memarlar qalanın yaşı ilə bağlı fərqli fikirlər söyləyirlər. Siz necə düşünürsünüz?

- UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalasında konservasiyayeni muzey ekspozisiyasının yaradılması işləri ölkə başçısının tapşırığı əsasında 2009-2013-cü illərdə aparıldı. Qalanın konservasiya layihəsini hazırladıq, işlər avstriyalı bərpaçı ekspert Erix Pummerin rəhbərliyi altında xariciyerli mütəxəssislər tərəfindən həyata keçirildi. Xeyli görüldü, izolyasiya möhkəmləndirildi, daşların arası dolduruldu.

Qalanın hündürlüyü haqda yeni fakt ortaya çıxarmışam. İndiyə kimi bütün kitablarda Qız qalasının hündürlüyünün 28 metr olduğunu yazırdılar, əslində isə 32 metr imiş. Bunu özüm ölçmüşəm. Tikilinin başından giriş qapısına qədər 32 metrdir. Qız qalasının bir tikili kimi nə olmasına gəlincə, bu, qala divarının üstündə inşa edilmiş bürcdür, 12-ci yüzilə aiddir. Bundan başqa bir şey deyil. Bunun Bakı ərazisindəki bir çox qalalarla bağlılığı olub, əsasən mayak rolunu oynayıb. Yaxınlıqdakı Səbail qalası ilə də bağlılığı olub. O da bundan yüz il sonra tikilib. Yeri gəlmişkən, Səbail qalasının da bərpa layihəsini işləmişəm, amma hələ ki gerçəkləşməyib.

- Bildiyimə görə, tələbə ikən memarlıq sahəsində Lenin komsomolu mükafatına layiq görülmüsünüz...

- Gənc adam üçün bu, böyük mükafat idi. Ali təhsildən sonra birinci işim Şirvanşahlar Sarayının bərpa layihəsi olub. Ardınca Göygöl rayonundakı XII əsrə aid beş aşırımlı körpünün bərpa layihəsini hazırladım. Ölkəmizdə çoxlu bərpa işləri həyata keçirmişəm. Şəkidə xan evinin bərpasında iştirak etmişəm. Sevindiricidir ki, bu gün Azərbaycanda abidələrin təmir-bərpa və konservasiyası sahəsində uğurlu işlər davam edir. Şəmkirdə arxeoloji qazıntılar gedir, Beyləqanda “Babı” türbəsi, Bərdədə “Allah-Allah” türbəsi bərpa olunur.

Təəssüf ki, vaxtilə bu sahəyə yetərincə diqqət ayrılmaması üzündən yerli əhəmiyyətli bir çox abidələr sökülüb. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun qəbul edildi. Dünya Bankının kredit dəstəyi ilə Şirvanşahlar sarayı, Şəki xanlarının sarayı, Naxçıvanda Möminə xatın və Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələrimizin bərpa layihələri həyata keçirildi. O zaman beynəlxalq qurumlar ayırdığı pulu əsasən xarici mütəxəssislərə verirdilər. İndi bizim memarlar xaricdə böyük layihələr həyata keçirirlər. Məsələn, UNESCO-nun təşkil etdiyi beynəlxalq müsabiqədə layihəm yer tutub. Bu yaxınlarda Budapeştin mərkəzində 7 qatlı binada rəhbərliyimlə böyük bərpa işləri həyata keçiriləcək. Artıq hazırlıq işlərinə başlanılıb. Mütəxəssislərimiz bir il orada işləyəcəklər.

- Deyəsən, başqaları kimi müasir binalar tikmirsiniz...

- Mənim öz yolum var - bərpa memarlığı. Hamı şüşə betonla bina tikir. Mənsə klassikanı sevirəm. Hələ Müəmmər Qəddafi sağ olanda Liviyada bir Türkiyə şirkəti ilə layihə udmuşdum. Orada məscid tikilməliydi. Qəddafi işə özü nəzarət edirdi. Bir neçə ölkənin memarlarının layihəsini bəyənməmişdi. Sonra Türkiyə şirkətinə verdi, onlar üçün mən işlədim. İş bəyənildi. Ardınca Liviyada ara qarışdı...

- Bu gün bütün sənət sahələrində qarışıqlıq hökm sürür. Mədəniyyətlərin sərhədi, özünəməxsusluğu yoxa çıxıb. Memarlıqda bu daha çoxdur.

- Memarlıq bu baxımdan çox çətin durumdadır. Məsələn, bu gün İran memarlığında belə qarışıqlıq hökm sürür. İran memarlığında Hindistandan, Osmanlıdan, ərəbdən köçürmələr çoxdur. Ona görə son üç əsrdə İran memarlığında önəmli bir şey yaranmayıb. Ən gözəl kaşı memarlığı Səmərqənddədir. İsfahan, Şiraz, Təbrizdə var. Bizdə isə Bərdədə, Naxçıvanda var.

- Tariximizin mühüm dövrü Qafqaz Albaniyasının kilsə memarlığı ilə bağlıdır. Amma zamanında buna sahib çıxa bilməmişik, bir çox alban kilsələri erməniləşdirilib...

- Alban adında millət olmayıb. Qafqaz Albaniyası qədim Azərbaycan dövlətidir. O dövrdə Azərbaycan ərazisində çoxlu xristian məbədləri tikilib. Memarlıq iqtisadiyyatla bağlıdır. Xalqın pulu olmasa, memarlıq abidəsi tikə bilməz. 13-cü əsrdə Azərbaycan ərazisində 400 kilsə tikilib. Elxanilər xristian idilər həmin kilsələri onlar tikmişdilər. Hülaki xanın nəvəsi Qazan xanın adı Nikolas Qazan xan idi. 1295-ci ildə Qazan xan fərman imzalayır, Nikolas adından əl çəkib islamı qəbul etdiyini özünə Mahmud adı götürdüyünü deyir. Qardaşı Mixail Olcaytu xan da adını dəyişib Məhəmməd Olcaytu Xudabəndə qoyur. Elxanilərin tikdirdiyi kilsələrin ən məşhuru Ağdərə rayonundakı Qanzasar məbədidir. Ümumiyyətlə, alban məbədi kimi tanınan kilsələrin 70 faizində kitabə var. Sonradan ermənilər kitabələri dəyişib erməniləşdiriblər. O kilsələrin sahibi xristian türklər idi. Bunlar türk xristian abidələridir. Alban dediyimiz qondarma bir addır. Biz Azərbaycanda xristianlıq tarixini dərindən öyrənməliyik. Tariximiz yenidən və düzgün yazılmalıdır.

İndi ermənilər bizim xristian abidələrimizi öz adlarına çıxırlar. Erməni memarlığı deyilən bir şey yoxdur. Ermənistanda yalnız kilsə var. Onların da hamısı bir-birinə oxşayır. Onlarda ancaq daş sənəti var. Ermənilərin işlədiyi daşın adı tufdur, vulkanik mənşəlidir. Bizim işlətdiyimiz ağlay daş çöküntü mənşəlidir. Tuf daşı çıxarılandan bir həftəyə qədər pendir kimi yumşaq olur. Ona görə onu yonmaq asandır. Vaxt keçdikcə onun içindəki metal oksidləşir və bərkiyir. Onların Eçmiədzindəki baş kilsələrinin içərisi eynilə Şəki xanlarının sarayı kimi divar rəsmləridir. Vaxtilə bizim rəssamlar çəkiblər.

- Siz həm də xəttat və naqqaşsınız...

- 40 ildir bu işlə məşğulam. Vaxtilə miniatürlər çəkərdim. Sovet dönəmində SSRİ rəhbəri L.Brejnevə Azərbaycandan gedən təbrik teleqramlarını mən işləyirdim. Mərkəzi Komitədən mətn verilirdi, onu gözəl yazıb, qıraqlarını bəzəyirdim. 1985-ci ildə UNESCO-nın mənzil-qərargahında xətt sərgim açılmışdı. Azərbaycanda hələ sərgim keçirilməyib. Beynəlxalq xətt yarışmalarında iştirak etmişəm. Özüm yaratdığım xətt də var, fəza xətti adlanır.

 

S.Soltanlı

Mədəniyyət.- 2016.- 20 may .- S. 15.