Könül oxşayan nəğmələrin həqiqi müəllifi

Bəhram Nəsibovun bəstələri uzun illər xalq mahnısı və təsnif kimi təqdim olunub

Xalqın ürəkdən sevib bəyəndiyi mahnılar yaddaşlarda əbədi iz salır, nəsildən-nəslə ötürülərək dillər əzbərinə çevrilir. Elə mahnılar da var ki, necə deyərlər, "pasportuna" xalqın adı yazılsa da, əslində onların müəllifi olub, amma müxtəlif səbəblərdən adları dinləyiciyə naməlum qalıb. Unudulmaz bəstələri ilə bu gün də musiqisevərlərin könlünü oxşayan mərhum bəstəkar, şair Bəhram Nəsibovun mahnıları kimi.

Bəhram Paşa oğlu Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk mahnılarını (“Qarabağ”, “Qadan mən alıms.) həmin illərdə yazmağa başlayıb. Ümumilikdə 300-ə yaxın bəstəsi uzun illər xalq mahnısı və təsnif adı altında təqdim edilib. İllər sonra bu mahnılar Müəllif Hüquqları Agentliyində bəstəkarın adına qeydiyyatdan keçib. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bir necə gün sonra insult keçirən sənətkar 5 il xəstə yatır, 1998-ci ildə vəfat edir.

Mərhum nəğməkarın ömür yoluna və yaradıcılığına oğlu Adil Nəsibovla ətraflı nəzər saldıq.

Deyin, hardadır...

Həmsöhbətim atasının dillər əzbəri olanQarabağ”, “Qadan mən alım”, “Gözlərin”, “Var gülüşündə”, “Səni qəmli görəndə”, “Eşqimin baharı”, “Saf eşqim”, “Ay dəli ceyran”, “Xatırla məni”, “Deyin, hardadır”, “Gecələr” və s. mahnıların müəllifi olduğunu deyir. Bildirir ki, o həm də 1960-cı illərdə görkəmli xanəndələrimiz İslam RzayevElmira Rəhimovanın Hindistana qastrol səfəri zamanı duet oxumaları üçün “Sən də həmdəm, mən də həmdəm” və “Salam, Hindistan” mahnılarını yazıb:Musiqi təhsili olmasa da, fitri istedadı sayəsində istənilən musiqi alətində ifa etməyi bacarırdı. Bu onun bəstəkar fəaliyyətinə ciddi təkan verirdi. Atam məktəblilər üçünİlk müəllimim”, “Qurban olum” mahnılarını, eləcə də tərbiyəvi xarakterli mənzum hekayə yazıb. Regionlarımıza, Novruz bayramına həsr edilən mahnıları da yetərincədir. Bu sırada “Naxçıvan”, “Ay anam Bakı”, Gəncə şəhərinin adının bərpasına ithaf olunanXan çinarlı Gəncəmiz”, “Baharım təzələndi”, “Bahar xoş gəlir” və s. nəğmələrin adlarını çəkə bilərəm”.

Adil Nəsibov deyir ki, ulu öndər Heydər Əliyev bəstəkarın “Deyin, hardadır”, “Naçar gedər”, “Min yaşa, Heydər baba” mahnıları ilə yanaşı, “Mənim anam” mahnısını da çox bəyənərmiş. Hətta tədbirlərin birində “Mənim anam” mahnısına qol qaldırıb rəqs edib və mahnı haqda yüksək fikir söyləmişdir. Türkiyənin TRT kanalında “Türk dünyasında savaşların musiqidəki izləri” adlı alboma Azərbaycandan iki bəstəkar - dahi Üzeyir bəyin “Çırpınırdın, Qara dəniz” və B.Nəsibovun “Qarabağ” mahnısı daxil edilmişdir.

Onun mahnılarını görkəmli bəstəkarlarımız Şəfiqə Axundova, Cahangir Cahangirov, Oqtay Kazımi, Ramiz Mustafayev yüksək dəyərləndiriblər: “Ramiz Mustafayev atamın bəstələrini ilk dəfə nota saldırmış, Qarabağ savaşında əsgərlərimizi ruhlandıran “Əsgər nəğməsi”, “Hücum marşı” əsərlərini orkestrlə işləyib fond üçün yazdırmışdı”.

B.Nəsibov ədəbiyyata da böyük maraq göstərib, Sabir üslubunda bəhri-təvillər, şeirlər, novellalar, qəzəl, təxmis, qoşmalar, satirik şeirlər qələmə alıb. 1982-ci ildə yazdığı bəhri-təvil “Kirpi” jurnalının mükafatına layiq görülüb. Novellaları əsasında səhnəciklər televiziyada məşhur gülüş ustalarımız Əliağa Ağayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Yaşar Nuri, Arif Quliyev və başqalarının ifasında təqdim edilib. “Güləndam maşın udub” səhnəciyi böyük əks-səda doğurduğundan sonradan bu mövzuda mərhum yazıçımız Fərman Kərimzadənin ssenarisi əsasında “Arvadım mənim, uşaqlarım mənim” adlı film çəkilib.

 

“Nəğməli-sözlü Bəhram”

 

Professor Fərahim Sadıqovun 2000-ci ildə musiqiçi haqqında yazdığı “Nəğməli-sözlü Bəhram” kitabında onun bəstəkarlıq, ifaçılıqla bərabər, həm də şair və səhnəciklər müəllifi kimi yaradıcılığından ətraflı söz açılır.

Müsahibim deyir ki, bəstəkarın yüzdən artıq mahnısı sovet dövründə xalq mahnısı, təsnif adı ilə efirdə yayımlanıb. Səbəb isə onun bəstəkarlıq fakültəsini bitirməməyi olub: “Amma tarix göstərdi ki, istedadlıları ruhlandırmaq əvəzinə onları həvəsdən salmaq istəyən bəzi diplomlu bəstəkarların mahnıları həvəskarların mahnıları ilə rəqabətdə məğlub oldu. Atam ehtiyac ucbatından el şənliklərinə getməyə məcbur olmuşdu ki, nəticə etibarilə bu onun yaradıcılığa həsr edəcəyi vaxtının çox hissəsini alırdı”.

Çətinliklər, evsizlik, ağır ailə vəziyyəti, mahnılarına görə qonorar ala bilməməyi, hətta təmənnasız mahnılar verdiyi bəzi müğənnilərin belə ona kömək etməməyi bəstəkara pis təsir edirdi: “Əgər sağlığında ona azacıq şərait yaradılsaydı, professional bəstəkarlarımızın cərgəsinə qoşula bilərdi. Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox məsələlər kimi, bu məsələ də öz həllini tapmış oldu, atamın adı müəllif kimi çəkilməyə başladı. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam sənətinə xüsusi diqqəti sayəsində gerçəkləşən muğam müsabiqələrində atamın bəstələrindən də geniş istifadə olunur”.

B.Nəsibov Azərbaycanın görkəmli musiqiçiləri və şairləri ilə əməkdaşlıq etmiş, məşhur xanəndələr Şövkət Ələkbərova, Əbülfət Əliyev, Tükəzban İsmayılova, Yaqub Məmmədov, Arif Babayev, Rəhilə Həsənova, İslam Rzayev, Nəzakət Məmmədova, Səxavət Məmmədov, Niyaməddin Musayev, Süleyman Abdullayev və digərləri onun mahnılarını sevərək oxumuşlar. O, vaxtilə Azərbaycan Dövlət Filarmoniyasında böyük sənətkarımız Xan Şuşinskinin studiyasında görkəmli xanəndəni tarda müşayiət edib.

Musiqiçi sovet dövründə “Şahnaz” ansamblını yaradır, mərhum müğənnimiz, məlahətli səs sahibi Nəzakət Məmmədova burada çıxışlar edir. Lakin ansamblın ömrü qısa olur. B.Nəsibov 1990-cı illərdə ikinci dəfə yaratdığı ansambla “Vətən” adı verir. Kollektivdə tanınmış müğənnilərdən Sabir Novruzov və Səbinə İlyasova iştirak edir.

B.Nəsibov bir çox mahnılarının sözlərini də özü yazırdı. Eyni zamanda Əlağa Vahid, Molla Cümə, Aşıq Ələsgər, Aşıq Şəmşir, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Hafiz Baxış, Zəlimxan Yaqubbaşqa tanınmış qələm sahiblərinin sözlərinə də mahnılar bəstələmişdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdanda B.Nəsibov bu qayıdışı Şəhriyarsayağı yazdığı şeirlə alqışlayır, ulu öndərin xilaskarlıq missiyasına inamını misralara köçürür:

 

Heydər baba, gəlişinə min alqış!

Matəm oldu Sənsiz keçən bahar, qış.

El sinəsi dərdə, qəmə oldu tuş,

Məlhəm eylə yaralara, amandır!

Xalqın günü bir-birindən yamandır!

Bəstəkar sözümusiqisi özünə məxsus olanMin yaşa, Heydər baba” mahnısını yazır. Mahnının üzərində işləyib daha da təkmilləşdirmək istəsə də, səhhətində qəflətən yaranan problem bu işi sona çatdırmağa imkan vermir. Bu mahnı illər sonra AzTV-nin solisti Səttar Nəsirovun ifasında səsləndirilir və telekanalın “qızıl fonduna verilir.

Gəlişinlə cana gəldi bu ellər,

Bu gəlişə alqış dedi könüllər.

Bundan belə daha olmaz qan-qada

Səadətlə ömr eləyər nəsillər...

 

Adil Nəsibov atasının 2000-ci ildə nəşr edilmiş kitabında yer almayan musiqi əsərlərinin şeirlərinin çap edilməsini, bəstəkar haqqında sənədli film çəkilməsini arzulayır...

Geniş yaradıcılıq irsi olan sənətkarın xeyli mahnısı bu gün öz ifaçısını gözləyir. İnanırıq ki, yetişən yeni musiqiçi nəsillər unudulmaz nəğməkarın mahnılarına müraciət edəcək, onun bənzərsiz irsini yaşadacaqlar.

Lalə Azəri

Mədəniyyət.- 20 may.- S. 10.