Türkiyə-Azərbaycan
münasibətləri mövzusunda simpozium keçirilib
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Kastamonu Universitetində I Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər simpoziumunun iştirakçısı olub. Tədbir ATMU ilə birgə təşkil edib.
C.Cəfərov simpoziumda Azərbaycan ilə Türkiyə arasında əlaqələrin tarixindən danışaraq bildirib ki, iki qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları iki ölkə arasında münasibətlərin tarixini, bu gününü və gələcəyini dəqiq ifadə edən ən mükəmməl formuldur.
C.Cəfərov rəhbərlik etdiyi ali məktəbin 2013-cü ildən Mövlanə Mübadilə Proqramı çərçivəsində Kastamonu Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
II Türkiyə-Azərbaycan beynəlxalq
münasibətlər simpoziumunun
2016-cı ilin payızında Azərbaycanda
keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 9.