“Bakıda nələri
görmək olar”
Rusiyanın turizm saytında paytaxtımız haqqında məqalə dərc olunub
Rusiyanın Turoperatorlar Asossasiyasının “atorus.ru” saytında Azərbaycanın turizm imkanları haqqında məqalə yerləşdirilib.
“Bakıda nələri görmək olar”
başlıqlı yazıda paytaxtın gəzməli-görməli
yerləri haqqında məlumat yer
alıb.
Məqalədə qeyd olunur ki, son vaxtlar Azərbaycanın paytaxtı Bakı şəhəri səyahətlər və həftəsonu istirahəti üçün populyar məkanlardan birinə çevrilib. Bakının dar, tarixi küçələri olan qədim İçərişəhərin qapıları geniş bulvara açılır. Şəhər özündə müasirliklə qədimliyi birləşdirir.
Məqalədə Heydər Əliyev Beynəlxalq Hava Limanından xüsusi söz açılır: “Bakı hər zaman turistləri heyrətləndirir. Əgər bu şəhərə gecə saatlarında gəlməli olsanız, sizi ilk qarşılayan “İşıqlı saray” adlandıra biləcəyimiz, al-əlvan işıqlarla bərq vuran Heydər Əliyev Beynəlxalq Hava Limanı olacaq. Yeni terminalın hörümçək toruna bənzər interyeri xoş təəssürat yaradır”.
Yazıda Bakıya səyahət edənlərə ziyarət edilməli 10 vacib məkan haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Dağüstü park, Dənizkənarı bulvar, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, İstiqlaliyyət küçəsi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarixi-Bədii Qoruğunun turistlərin marağına səbəb olacaq ünvanlar olduğu qeyd edilir.
Heydər Əliyev Mərkəzinin möhtəşəm arxitekturası, buradan seyr edilən şəhər panoramının gözəlliyi, Dağüstü parkdan görünən mənzərə və Şəhidlər xiyabanı tarixlə müasirliyin qovuşduğu ecazkar məkanı yaddaşlara əbədi həkk edir. Qeyd olunur ki, buradakı yüksəklikdən şəhəri seyr etmək və dənizə heyran olmamaq mümkün deyil. Belə bir mənzərəni izləmək insana zövq verir. Parkdakı sərv və şam ağaclarının gözəlliyi isə rəssam fırçasından çıxan sehrli aləm kimi təqdim edilir.
Məqalədə həmçinin Dənizkənarı bulvar, Bayraq meydanı, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Baku Kristal Hall”un fotoları yerləşdirilib. Bildirilir ki, maraqlı dizaynı, eyni zamanda gün işığında və gecənin qaranlığında xüsusi rənglərlə bərq vuran “Baku Kristal Hall” Bakı gecələrini unudulmaz edir. Bulvar ərazisində yerləşən “Kiçik Venesiya”, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi də şəhərin gəzməli-görməli məkanları sırasındadır.
Yazıda adları qeyd edilən 10 məkan haqqında ayrı-ayrılıqda, bədii təsvirlərlə ifadə edilən məlumatlarla bərabər Azərbaycanda xalçaçılığın tarixi, xalçaçılıq məktəbləri, ilk xalça muzeyinin yaradılması oxucuların diqqətinə çatdırılır. Qız qalası əfsanəsinin hələ sovet dövründə buraya gələn qonaqlar arasında məşhur olduğunu və qalanın bu gün də öz əzəmətini qoruduğu vurğulanır. Qalanın yaxınlığındakı antik əşyalar satılan mağazalar, milli mətbəx nümunələrini təqdim edən restoranlar haqqında da məlumat verilir.
İçərişəhərdəki məscid və hamamların əsl tarixi yaşatdığı bildirilir, bu qədim məkanda çəkilən məşhur filmlərin adları qeyd olunur. Həmyerlimiz, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli fırça ustası Tahir Salahovun ev-muzeyinin də İçərişəhərdə olduğu vurğulanır.
Bir sözlə, Bakının bütün gəzməli-görməli məkanlarından bəhs edən məqalə rusiyalı turistlərin təsəvvüründə paytaxtımızın möhtəşəm mənzərəsini canlandırır.
Lalə
Mədəniyyət.- 2016.- 20 may.-
S. 9.