“Muzeylər və mədəni
landşaftlar” mövzusunda
tədbir keçirildi
Mayın 18-də
İçərişəhərdəki Əlağa Vahid bağında Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq
Muzeylər Şurası (İCOM) Azərbaycan Milli
Komitəsinin birgə təşkilatçılığı
ilə “Muzeylər və mədəni landşaftlar”
mövzusunda tədbir keçirildi.
Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan tədbirdə paytaxt muzeylərinin rəhbər və əməkdaşları da qatılmışdı.
İCOM-un Azərbaycan Milli Komitəsinin rəhbəri Röya Tağıyeva tədbiri açaraq bu il əlamətdar günün “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr olunduğunu dedi. Bildirdi ki, təbiətlə tarixin ahəngindən yaranan mədəni landşaftlar ardıcıl olaraq zaman və insanlar tərəfindən yenilənir. Bunu nəzərə alaraq İCOM-un Azərbaycan Milli Komitəsi ölkə muzeylərində “Muzeydə bir gün” mövzusunda müxtəlif tədbirlər keçirməyi qərara alıb, o cümlədən üç ay əvvəl uşaqlar arasında rəsm və foto müsabiqəsi elan edilib.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mədəni-kütləvi iş şöbəsinin müdiri Akif Rzayev çıxışında bu günün və tədbirin önəmindən söz açdı. Tədbir çərçivəsində İCOM-un Azərbaycan Milli Komitəsinin elan etdiyi müsabiqənin yekun sərgisi də açılmışdı. Sərgidə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyası və 46 saylı məktəbin “Günəş” rəsm studiyası şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Kənd Təsərrüfatı Muzeyində çəkdikləri rəsm əsərləri və fotolar nümayiş olunurdu.
Sərgi ilə tanışlıqdan sonra Xalq rəssamı Arif Hüseynov fərqlənən uşaqlara diplomlar təqdim etdi.
Tədbirdə Bülbülün memorial muzeyi, Tahir Salahovun ev-muzeyi, eləcə də Basqalın “Kəlağayı” muzeyini əks etdirən fotolar və rəngarəng kəlağayılar nümayiş olunurdu. Muzeyin direktoru Cəlil Tarıverdiyev kəlağayı sənəti barədə məlumat verdi. Kəlağayı ustası Abasəli Talıbov xüsusi qəliblərlə ipək parça üzərinə naxışların necə vurulmasını göstərərək, məharətini nümayiş etdirdi.
Soltan
Mədəniyyət.- 2016.- 20 may.-
S. 8.