Üzeyir tərənnümçüsü”

Bəstəkarın ev-muzeyində rəssam Hüseyn Hacıyevin sərgisi açılıb

Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində rəssam, musiqiçi Hüseyn Hacıyevin dahi bəstəkara həsr edilən “Üzeyir tərənnümçüsü” adlı sərgisi nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov rəssam haqqında məlumat verdi. Bildirdi ki, Hüseyn Hacıyev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Respublikanın müxtəlif təşkilatlarında tərtibatçı rəssam işləyib. Hələ tələbə ikən əsərləri Bakının müxtəlif sərgi salonlarında nümayiş olunub. 1983-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Dəfələrlə müsabiqələr laureatı olub, fəxri fərmanlarla təltif edilib.

Qeyd olundu ki, bugünkü sərginin “Üzeyir tərənnümçüsü” adlandırılması təsadüfi deyil. Çünki H.Hacıyev dahi Üzeyir bəy irsinin vurğunudur. O, dəfələrlə bəstəkarın əsərlərinin nəşrlərinə tərtibat verib, illüstrasiyalar çəkib. Bəstəkarın əsərlərindəki personajlarının surətlərini işləyib. 1984-85-ci illərdə Üzeyir Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar UNESCO-nun sifarişi ilə akademik nəşrə hazırlanan “Leyli və Məcnun”, “Koroğlu” operalarının partitura və klavirlərinin, “Sənsiz” və “Sevgili canan” romanslarının klavirlərinin baş rəssamı olub.

Rəssam həmçinin dahi bəstəkarın qardaşları ZülfüqarCeyhun Hacıbəylilərin portretlərini yaradıb. Üzeyir bəyin ev-muzeyinin rəsm qalereyasının divarlarını rəssamın “Arşın mal alan”, “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Koroğlu” əsərlərinə çəkdiyi gözəl rəsmlər bəzəyir. Dahi bəstəkarın özünə, ailə üzvlərinə, əsərlərinə həsr edilmiş tablolarda peşəkarlıq, incə zövqmövzuya bağlılığı ustalıqla əks olunub.

Şairə Mərcan Şahbuzlu qeyd etdi ki, Hüseyn Hacıyev həmçinin kitab qrafikası sahəsində də uğurla fəaliyyət göstərib. 1984-cü ildə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi Hüseyn Hacıyev və Oqtay Sadıqzadənin birgə bədii tərtibatında işıq üzü görüb. Rəssamın “Şah İsmayıl Xətainin musiqişeir məclisi” adlı miniatür əsəri Fransada böyük marağa səbəb olub.

Xalq artisti Ramiz Məmmədov rəssamın dekorçu kimi fəaliyyətindən söz açdı. Bildirdi ki, o, Bakı metrosunun “Neftçilər” stansiyasındakı mozaik görüntülərin müəlliflərindən biridir. Eyni zamanda şəhid döyüşçülərin barelyef və qorelyeflərini də yaradıb.

Hüseyn Hacıyev çıxış edərək sərginin ərsəyə gəlməsində ona kömək edən muzeyin kollektivinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Sonra fırça ustasının 50-dən çox əsərinin yer aldığı sərgiyə baxış oldu. Rəssamın “Simlərin ahəngi”, “Çətirli qız”, “Belarus payızı”, “Əsrlərdən boylanan qala” “Əbədi bahar”, “Mahnı qanadlarında”, “Qoca adam”, “Odunçular” və digər tabloları tamaşaçılarda xoş təəssürat oyatdı.

 

S.Fərəcov

Mədəniyyət.- 2016.- 20 may.- S. 7.