Əgər qısqanclıq
olmasaydı...
Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bizə klassik musiqi sənətilə daha bir təmas zövqü yaşatdı. Pyetro Maskaninin qızğın ehtiraslarının tüğyan etdiyi «Kənd namusu» operası zövq verməklə yanaşı, hər kəsdə çeşidli duyğular da oyatdı. Amma bu barədə bir qədər sonra.
Tamaşadan əvvəl teatr rəhbərliyinin yaratdığı imkandan bəhrələnib qonağımız, almaniyalı dirijor, Qut-İmmlinq opera festivalının bədii rəhbəri, həm də Azərbaycanın və bizim teatrın çoxdankı dostu Korneliya fon Kerssenbrok ilə söhbətləşdik.
- Xanım Korneliya, sizi Bakıda görməyimizə çox şadıq.
- Çox sağ
olun. Mən də yenə Bakıda olduğum üçün
çox şadam. Bakını da, sizin teatrı
da çox sevirəm. On beş
ildən artıqdır
ki, əməkdaşlıq
edirik. Burada tamaşaları idarə
edirəm, sizin solistlər və orkestr də Almaniyada, mənim rəhbərlik etdiyim Qut-İmmlinq opera festivalında
iştirak edirlər.
Onlar festivalda Azərbaycan bəstəkarlarının əsərlərini
də ifa edirlər. Deməli, biz Azərbaycan musiqisinin
təbliğinə də
töhfə vermiş
oluruq.
- Sizin Avropada Azərbaycanı və bizim mədəniyyəti layiqincə qiymətləndirən
və bizi sevən insan olduğunuzu biz də bilirik...
- Belə sözləri eşitmək xoşdur. Mən Azərbaycana heç vaxt tək gəlmirəm.
Bir neçə dostum var ki, onlar
da buraya həvəslə gəlirlər.
Həm turist kimi Bakını
gəzirlər, həm
də teatrda tamaşaya baxırlar.
Bu illərdə özümə
xeyli dost qazanmışam.
Burada heç vaxt darıxmıram. Bakı ildən-ilə
gözəlləşir. Azərbaycanlılar da çox mehriban, qonaqpərvərdir.
Bilirsiniz, şəhər,
ölkə çox gözəl ola
bilər. Amma oranın sakinləri
gözəl xasiyyətli
olmasalar, o gözəllikdən
zövq almaq olmur.
- Bir dirijor kimi
repertuarınızda bizim
bəstəkarlarımızın əsərləri varmı?
- Sizin teatrın baş dirijoru Cavanşir Cəfərovdan
bir neçə əsərin notlarını
almışam. Yəqin ki,
həmin notları tam
öyrənəndən sonra
öz repertuarıma daxil edəcəyəm.
Azərbaycan musiqisini şəxsən
təbliğ edəcəyəm.
* * *
Xanım
Korneliya fon
Kerssenbroka təşəkkür
edib, uğur arzulayaraq ayrılırıq.
Tərcüməçi Vüqar diləklərimizi
almanca çevirir, əl sıxarkən Korneliya xanım Azərbaycan dilində minnətdarlıq edir.
Artıq birinci zəng çalınır. Biz də
salona keçməliyik.
Pyetro Maskaninin
bu birpərdəli səhnə əsəri
ilk dəfə 1890-cı ildə
mayın 17-də Romanın
«Konstans» teatrında tamaşaya qoyulub. 126 il sonra operanın Bakı premyerasında əsas partiyanı, qısqanc Santutsanı
Odessa Milli Akademik Opera
və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr
laureatı Natalya Pavlenko
ifa edirdi. Bu həm də
ukraynalı vokalçının
Bakı səhnəsində
ilk çıxışı idi. Tamaşa boyu salonun onun ifasına münasibətindən belə
anlaşıldı ki,
güclü səsə
malik, zahirən çox yaraşıqlı
bu xanım bizim səhnəmizdə hələ çox çıxış edəcək.
Digər
solistlər isə özümüzünkülər idi: Xalq artisti
Samir Cəfərov, Əməkdar artistlər Səbinə Vahabzadə və Anton Ferştandt, solist Çinarə Şirin.
Sadədən sadə, demək
olar ki, bütün dövrlərdə
və bütün xalqlarda baş vermiş olay: meyxana sahibəsi Luçiyanın oğlu Turiddu adlı gənc öz həmkəndlisi Lolaya aşiqdir. Oğlan əsgərlikdən qayıdanda isə görür ki, Lola arabaçı Alfionun arvadıdır. Turiddu onu
dəlicəsinə sevən
başqa bir qıza - Santutsaya evlənmək təklif edir. Lakin bu arada məlum olur ki, vəfasız Lola ailə həyatında xoşbəxt deyil. Keçmiş sevgililərin görüşündən
xəbər tutan Santutsa qayınanasından
kömək istəyir,
lakin müdrik qadın belə bir şeyin olmadığını deyir.
Qısqanclıqdan dəli olan
Santutsa Alfionun yolunu kəsib arvadının ona xəyanət etdiyini deyir. Vəziyyət gərginləşir. Üstəlik, Alfio Lola ilə
Turiddi gözləşməsinin,
onların Pasxa bayramı səhərində
eyni sağlığa
badə qaldırmasının
şahidi olur. Təhqir olunmuş Alfio Turiddini cəzalandırmasa,
bütün kənd onu namussuz hesab
edəcək. Savaş zamanı
Alfio Turiddini öldürür. Bir zaman
ona aşiq olmuş iki qadın - Lola və Santutsa qalan ömürləri boyu oğul itirmiş Luçiya ilə birlikdə dərd çəkməyə məhkumdur.
İfalara gəlincə, ukraynalı vokalçının səs tembrinə söz ola bilməz. Onun yüksək notları asanlıqla götürən sopranosu hətta Turiddi (Samir Cəfərov) ilə duetlərində çox məqamda bizim tenorun səsini də eşidilməz edirdi. Bəzi məqamda adama elə gəlirdi ki, hətta Çinarə Şirinin incə, keçmiş sevgilisinin onun vəfasızlığını bağışladığına görə qürurlanan Lolası olmasaydı belə, Santutsa sakit təbiətli Tiruddiyə heç zaman xoş üz göstərməyəcəyi üçün oğlan ona qarşı soyuq davranır. Səbinə Vahabzadənin özündən xeyli yaşlı olan Luçiyası isə hər şeyi sakitləşdirməyə çalışan, övladını qadın məkrindən qorumaq istəyən ana obrazında inandırıcı idi.
Xalq artisti Samir Cəfərov Azərbaycan bəstəkarlarının romans və mahnılarının, həm də Neapol mahnılarının mahir ifaçısı kimi daha çox tanınır, nəinki opera tamaşalarındakı çıxışları ilə. Kamera-vokal ifaçısı kimi daha çox uğur qazanmağa qabildir. Çünki «Kənd namusu» operasını dinləyərkən şahid olduq ki, tərəf-müqabillərinin səsi xeyli məqamda onun səsini üstələyirdi.
Dirijor Korneliya fon Kerssenbrokun məharətindən bəhs etmək yersizdir. Orkestrin, solistlərin, xorun çıxışları bir daha sübuta yetirdi ki, onlar dirijorla bir-birlərini çox rahat anlayırlar.
Xor barədə də bir neçə kəlmə demək lazımdır. «Kənd namusu» operası birpərdəli olub, cəmi beş solistin solo ifası üçün bəstələnsə də, bəstəkar xora, xüsusən də qadın xoruna geniş yer verib. İstisnasız demək olar ki, budəfəki tamaşada çoxsəsli xorun çıxışındakı nizam digər tamaşalardan yaxşılığa doğru fərqlənirdi ki, bu da xor kollektivinin, həm də xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın zəhmətinin bəhrəsidir.
Beləcə, gözəl ifalarla süslü yaxşı bir opera tamaşası fakta çevrildi. Bəs bir səhnə əsəri olaraq, «Kənd namusu»nun tamaşaçısına çatdırmaq istədiyi ismarış nədir? İfrat qısqanclıq bir xəstəlikdir, çalışın ki, o, sizin xoşbəxtliyinizi əlinizdən almasın.
Gülcahan
Mədəniyyət.- 2016.- 20 may.-
S. 6.