20+20=20
Və yaxud gözəlin yubileyi və bədheybətin sevgisi
Ötən şənbə
günü A.Şaiq
adına Azərbaycan Dövlət Kukla
Teatrında bir büsat
qurulmuşdu ki!.. Demək olar ki,
elə bu kollektivdə böyümüş
və böyüyəndən sonra bu kollektivdə kuklaçı aktyor
kimi çalışmağa
başlamış aktrisa Səriyyə
Mansurovanın yaradıcılığının iyirmi, anadan
olmasının da iki iyirmi illik yubileyi
münasibətilə keçirilən tədbir ilə premyera bir-birinə qarışdı.
Əməkdar artist, ömrünü bu teatra həsr etmiş aktyor Mansur Mansurovun qızı Səriyyə xanım ata yolunu layiqincə davam etdirən sənətkar övladlarındandır. O, şirma arxasındakı çıxışı ilə yüz minlərlə balaca tamaşaçını sevindirib, onların zövqünü oxşayıb.
Əsl saray interyerini xatırladan (sonradan biləcəkdik ki, bu interyer təzə tamaşanın dekorasiyasıdır) səhnədə qoyulmuş fəxri kürsüdə əyləşən, zərifliyi ilə nağıl personajlarından seçilməyən aktrisa isə əsl şahzadə xanıma oxşayırdı. Bəlkə də birinci dəfə idi ki, aktrisanın yubiley tədbirinə rəssam aparıcılıq edirdi. Teatrın baş rəssamı İqbal Əliyev təkcə improvizələrlə dolu aparıcılıq etməklə kifayətlənmədi: həm rəqs etdi, həm də mahnı oxudu.
Uşaqların sevimli məkanında çalışan aktrisanı ən çox təbrik edənlər kim olar, sizcə? Təbii ki, uşaqlar. Özü də istedadlı uşaqlar! Teatrın «Oyuq» studiyasının balaca aktyorları Selcan, Aylin, Mirismayıl, Azərbaycan Televiziyasının “Uşaq teatrı”nın solisti Rahib öz ifaları ilə yubilyarı təbrik etdilər. Teatrın aktyorları baş rejissorun qoşulduğu «Dizlər» triosu ilə, Çarli Çaplin kimi, üç gözəl aktrisa da nəhəng divlərin vasitəsilə ürək sözlərini çatdırdılar. Baş rejissor Qurban Məsimov Frenk Sinatranın repertuarından dünya hitinə çevrilmiş «Strangers in the night» («Gecə sərgərdanı») mahnısını da yubilyara həsr etdi.
Bədii zövqü tərbiyə etmək məramına görə Kukla Teatrına ən yaxın kollektiv - Gənc Tamaşaçılar Teatrının aktyorları - Əməkdar artist Almaz Mustafayeva və İlham Əsədov da Səriyyə Mansurovanı təbrikə gəlmişdi.
Gənc aktyor Cavid Telmanın yumoristik monoloqu, üstəlik, texniki heyətdən ibarət “xor”un yanğından mühafizə hissəsinin rəisi Tahir Yaqubovun improvizə dirijorluğu altında çıxışı ovqatı daha da qaldırdı. Deyəsən, bu kollektivdə çalışan hər kəsin on barmağında on mərifət varmış, bizim xəbərimiz yoxmuş.
Atası, qocaman aktyor Mansur müəllimin əlindən yapışıb səhnəyə çıxardığı Səriyyə xanım oğlu Elmarla rəqs etdi.
Gül-çiçək, ekspromt çıxışlar dolu yubiley tədbirinin ardınca teatr bu mövsümün son premyerasını təqdim etdi. Janna-Mari Leprens dö Bomonun məşhur «Gözəl və bədheybət» əsərinin motivləri əsasında qurulmuş nağıl tamaşasında Gözəl Belin məhəbbəti sayəsində tilsimdən qurtulan Bədheybət əvvəlki görkəminə qayıdaraq, yenidən yaraşıqlı Şahzadəyə çevrilir.
Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarov olan, kukla-aktyor oyunu üzərində qurulmuş tamaşada əsas rolları Səriyyə Mansurova və Elnur Abasquliyev (Bədheybət) ifa edirdilər. Gözəl səhnə tərtibatı, aktyorların libasları, tilsim səbəbindən kandelyabra çevrilmiş qəsr metrdotelinin, dəm çaynikinə çevrilmiş qəsr sahibəsinin qiyafələri böyük zövqlə və etiraf edək ki, istifadə edilmiş materialların keyfiyyətinə qənaət edilmədən hazırlandığından tamaşa göz oxşayırdı. Beləcə, Azərbaycan Dövlət Kukla Teatrı bu mövsüm təhvil verdiyi tamaşalara daha bir uğurlu nümunəni əlavə etdi.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 20 may.-
S. 6.