Bölgələrdə mədəniyyət
ocaqlarının fəaliyyəti diqqət mərkəzindədir
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev mayın 17-də
Ağdam və Bərdə rayonlarında olub. Səfər zamanı rayonların icra hakimiyyətlərinin
başçıları, bir sıra mədəniyyət
müəssisələrinin kollektivləri ilə
görüşlər keçirilib.
Nazir müavini istifadəyə verilməsi üçün hazır olan Ağdam rayon Heydər Əliyev Mərkəzi və Veteranlar evinin binası ilə tanış olub, Ağdam Dövlət Dram Teatrının problemləri, repertuarı, tamaşaların hazırlanması prosesi ilə maraqlanıb.
Teatrın kollektivi bölgə teatrlarının Bakıda tamaşa göstərməsi təcrübəsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Ədalət Vəliyev cəbhəyanı rayonlardakı teatrların fəaliyyətinin nazirlik rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ağdam teatrının bu il oktyabr-noyabr aylarında Bakıya qastrol səfərinə hazırlaşması barədə teatrın rəhbərliyinə göstəriş verilib.
Cəbhə xəttinə yaxın ərazidə yerləşən Baharlı qəsəbəsinə gedən nazir müavini həmin vaxt bu yaşayış məntəqəsində olan Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birlikdə işğalçı Ermənistan ordusunun artilleriya atəşləri nəticəsində ziyan dəymiş evlərə baş çəkib, sakinlərlə görüşüb.
Qiyaslı kəndində yerləşən uşaq musiqi məktəbinin, Güllücə kənd mədəniyyət evinin, Mərzli kənd kitabxanasının, “Dördyol-1” qəsəbəsində yerləşən Güllücə uşaq musiqi məktəbinin kollektivləri ilə də görüşlər keçirilib, mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı tövsiyələr verilib.
Ədalət Vəliyev Bərdə rayonunda Dövlət Rəsm Qalereyası, 1 və 4 saylı uşaq incəsənət məktəbləri, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət mərkəzi və Mərkəzi kitabxanada olub.
Onu da qeyd edək ki, düşmən tərəfinin davamlı surətdə törətdiyi təxribatlara baxmayaq, Ağdam və Bərdə rayonlarının bütün mədəniyyət müəssisələrinin normal fəaliyyəti təmin edilir. Binalar zəruri iş şəraitinə malikdir və lazımi avadanlıqlarla təchiz edilib. İnsanlarda ruh yüksəkliyi, vətənpərvərlik, torpağa bağlılıq hissi müşahidə olunur. Mədəniyyət işçiləri və yerli sakinlər keçirilən görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin siyasətini tam dəstəklədiklərini vurğulayıblar.
Görüşlər zamanı bir
sıra xahiş və təkliflər irəli
sürülüb. Ağdam Mərkəzləşdirilmiş
Kitabxana Sistemi,
Quzanlı qəsəbə kitabxanası və Bərdə Mərkəzi
kitabxanasına 500 nüsxə latın qrafikası ilə çap olunmuş yeni kitabların verilməsi, Bərdə Rəsm
Qalereyasında nümayiş etdirilmək üçün Azərbaycan Dövlət Rəsm
Qalereyasından 30 ədəd rəsm əsərinin
göndərilməsi və sərginin təşkili təklif
olunub. Həmçinin rayonların mədəniyyət
müəssisələrində uzun
müddət çalışan və səmərəli fəaliyyət
göstərən işçilərin əməyinin qiymətləndirilməsi
xahiş olunub.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 5.