Laçının işğal günündə “Əsirlik həyatı”
nümayiş olunub
Ermənistan
silahlı qüvvələri tərəfindən
Laçın rayonunun
işğalının 24-cü ildönümü
ilə əlaqədar olaraq mayın 18-də
Nizami Kino Mərkəzində
Bakı Şəhər İcra Hakimiyyəti
Kino xidməti idarəsinin təşkilatçılığı
ilə “Əsirlik həyatı” sənədli filminin
nümayişi keçirilib.
İdarənin rəisi Gültəkin Nəriman çıxış edərək rejissoru olduğu sənədli film barədə danışıb. Bildirib ki, gənc nəsil əsirlik həyatı yaşamış insanların hansı ağrı və acılardan keçdiyini, tariximizin qanla yazılan bu səhifəsini yaddaşına həkk etməlidir.
Milli Məclisin deputatı Aqil Abbas, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Qarabağ müharibəsi veteranı Xəyyam Nəsirov çıxış edərək Laçının füsunkar təbiətindən, qədim tarixindən, mədəniyyət abidələrindən, strateji əhəmiyyətindən və işğalın ağır nəticələrindən bəhs ediblər.
Çıxışlarda bu il aprel ayının əvvəlində cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi də qeyd olunub. Əminliklə bildirilib ki, strateji yüksəklikləri azad edən ordumuz düşmən üzərində tam qələbə qazanmağa qadirdir. Laçın rayon sakinləri Həcər Paşayeva və Sücayət Hüseynova rayonla bağlı xatirələrini bölüşüblər.
Sonda “Əsirlik həyatı”
adlı sənədli filmi nümayiş
olunub. Film bir ailənin iki
övladının əsirlik həyatından bəhs edir.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 5.