Qəmər Almaszadə
adına beynəlxalq rəqs müsabiqəsi başa
çatdı
Müsabiqənin baş mükafatı Bakıda qaldı
16-19 may
tarixində Bakıda keçirilən Qəmər Almaszadə
adına Klassik və Milli
Rəqs üzrə I Beynəlxalq Müsabiqəyə yekun vuruldu. Mayın 19-da
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında müsabiqə qaliblərinin mükafatlandırma mərasimi
və qala-konserti oldu.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, xarici qonaqlar iştirak edirdi.
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən müsabiqəyə altı ölkədən (Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Litva və Ukrayna) 200 rəqqas qatılıb. Sənət yarışında qızlar və oğlanlar iki yaş qrupunda (12-17 və 18-26) klassik və milli rəqs nominasiyaları üzrə öz qüvvə və bacarıqlarını sınayıblar.
Onların rəqs məharətini və səhnə cazibəsini Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Litvanın Əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqənin yekun mərasimi Azərbaycan Dövlət himninin səslənməsi ilə başlandı. Sonra münsiflərin qiymətləndirməsinə əsasən qaliblərin adları açıqlandı.
Klassik rəqs üzrə birinci mükafatı Sübhan Abışov (Azərbaycan), Julija Stankeviciute (Litva), Timur Oduşev (Azərbaycan), Nərminə Vəkilova və Ayxan Əhmədli dueti (Azərbaycan) qazandılar.
Milli rəqs üzrə Tutu Tahirli (Azərbaycan), “Azərbaycan qartalları” rəqs ansamblı, Fatimə Əlimova (Azərbaycan), T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının rəqs ansamblı (Qazaxıstan) birinci yerə layiq görüldülər.
Müsabiqənin ikinci və üçüncü mükafatları isə Azərbaycan və Rusiyadan olan rəqqasların arasında bölüşdürüldü. Julija Stankeviciute (Litva) həm də münsiflərin xüsusi mükafatına layiq görüldü.
Uğurlu çıxış etmiş, lakin ilk üçlüyə düşə bilməmiş iştirakçılar da unudulmayaraq həvəsləndirici mükafatlarla təltif edildilər. Bununla yanaşı, müsabiqənin hər bir iştirakçısına Bakı Xoreoqrafiya Akademiyasının sertifikatları verildi.
Təbii ki, müsabiqənin Qran-pri mükafatının sahibinin kimliyi xüsusi maraqla gözlənilirdi. Beləliklə, baş mükafatçı da elan olundu və məlum oldu ki, ilk milli balerinamızın adını daşıyan birinci beynəlxalq müsabiqənin baş mükafatı elə onun vətənində qalır. Qran-pri mükafatına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident təqaüdçüsü Cəmilə Kərimova layiq görüldü.
Qran-pri mükafatını qalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev təqdim etdi.
Mərasim müsabiqə qaliblərinin qala-konserti ilə başa çatdı.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 20 may.- S. 2.