Milli musiqi alətlərinin
təkmilləşdirilməsi gələcək nəsillərə
töhfədir
Elmi-praktik seminarda bu barədə müzakirələr
aparıldı
Mayın 19-da Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət
Muzeyində Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik
Mərkəz və Azərbaycan Milli Konservatoriyası (AMK) ilə
birgə “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və
yeni növlərinin yaradılması” mövzusunda
elmi-praktik seminar keçirildi.
Muzeyin direktoru
Alla Bayramova tədbiri açaraq mövzunun aktuallığını
diqqətə çatdırdı. Bildirdi ki,
bu sahədə görülən işlər
musiqi alətləri üzrə elmimizə böyük töhfələr
verəcək.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxışında Milli
Konservatoriyanın musiqi
alətləri üzrə
elmi tədqiqat laboratoriyasının musiqi
alətlərinin təkmilləşməsi
və yeni növlərinin yaradılması
sahəsində fəaliyyətini
xüsusi qeyd etdi. Vurğuladı ki, milli mədəni irsin qorunmasının mühüm
istiqaməti musiqi alətlərimiz haqqında
dəqiq, səlis məlumatın dünyada yayılması, onların
başqaları tərəfindən
mənimsənilməsi cəhdlərinin
qarşısının alınması,
bu irsin gələcək nəsillərə
çatdırılmasıdır. Bu irsin qorunmasına
xidmət edən insanların əməyi də dəyərləndirilməlidir.
Alətlərin standartlaşması təmin edilməlidir və bu sahədə
tədqiqatlara böyük
ehtiyac var.
Sonra direktor musiqi alətlərinin təkmilləşdirilməsi sahəsində
səmərəli fəaliyyətinə
görə Azərbaycan
Milli Konservatoriyasının
Milli musiqi alətlərinin təkmilləşdirilməsi
elmi tədqiqat laboratoriyasına mərkəzin
fəxri diplomunu təqdim etdi.
Milli Konservatoriyanın
rektoru, Xalq artisti Siyavuş Kərimi vaxtilə respublikada musiqi alətləri istehsal edən iki fabrikin
Şuşada və Bakıda fəaliyyət göstərdiyini qeyd etdi. Rektor bildirdi ki, hazırda isə belə bir müəssisənin
yoxluğu konservatoriyanın
nəzdində elmi laboratoriyanın fəaliyyət
göstərməsinə zəmin
yaratdı. Laboratoriyada musiqi
alətləri düzəldilməklə
yanaşı, elmi işlər də həyata keçirilir.
Laboratoriyaya regionlardan da
musiqi aləti ustaları cəlb edilib.
Milli Konservatoriyanın
elmi işlər üzrə prorektoru Lalə Hüseynova milli musiqi alətlərinin
təkmilləşməsini gələcək nəsillər
üçün töhfə
adlandırdı. Avropa alətlərində təkmilləşmə prosesinin
sürətlə inkişaf
etdiyini, Şərq alətlərində isə
bu prosesin ləngidiyini diqqətə
çatdırdı.
Sonra AMK-nın Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov “Azərbaycan milli musiqi alətlərinin problemləri” mövzusunda məruzə ilə çıxış etdi.
Laboratoriya tərəfindən təkmilləşdirilmiş və yeni yaradılmış musiqi alətləri - bəm kaman, yaylıq qopuz, akkord tar, zil-bəm kaman, zərb alətləri, Qarabağ kamanı, təkmilləşmiş tar, çəng və digər alətlərdə ifalar dinlənildi.
İfalardan sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyev, BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı, Milli Konservatoriyanın dosenti Mübariz Əliyev çıxış etdilər, fikir və mülahizələrini bölüşdülər.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 20 may.-
S. 2.