Maarifçi ədibin yubileyinə dəyərli töhfə

Görkəmli maarifçi, folklorşünas və yazıçı-publisist Eynəli bəy Sultanov (1866-1935) Azərbaycanın ədəbi-mədəni həyatında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Qurbanəli Şərifzadə, Firidun bəy Köçərli kimi ziyalılarla bir sırada öz yeri, imzası olan ədiblərdəndir. 1883-cü ildə onun rəhbərliyi altında “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti” M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini səhnələşdirib və bu sənət hadisəsi ilə qədim diyarda milli peşəkar teatrın əsası qoyulub. Naxçıvanda kitabxana açdırması və Əsəd bəy Kəngərlinski ilə birlikdə ilk mətbəəni yaratması Eynəli bəyin maarifçi obrazında bir başqa cizgilərdir.

Bugünlərdə “Eynəli bəy Sultanov. Hekayələr” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Hekayələri AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov (həm də redaktor və izahların müəllifi) nəşrə hazırlayıb. Kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Yeni mərhələ və uğurlu addımlar” adlı ön söz yazıb.

Yazıçının hekayələri ilk dəfə bütöv şəkildə çap olunur. Nəşrə daxil edilmiş əsərlərin bir qismi filologiya elmləri namizədi İzzət Maqsudovun 1966-cı ildə çap etdirdiyiSeçilmiş hekayələr” adlı kitabçada toplanıb. Yeni kitabda isə müəllifin işıq üzü görməyən 20-yə yaxın bədii nümunəsi yer alıb.

E.Sultanovun hekayələri XIX yüzilliyin sonu və XX yüzilliyin əvvələrində “Novoye obozrenie”, “Yeni fikir”, “Yeni yol”, “İşıq yol” qəzetlərində və “Dan ulduzu”, “Şəfəq” və s. jurnallarda işıq üzü görüb. Bəzi hekayələri isə E.Məmmədov tərəfindən əlyazması halında üzə çıxarılıb və ilk dəfə bu nəşrdə oxuculara təqdim edilir.

Akademik İ.Həbibbəyli E.Sultanovu maarifçi realist düşüncəli yazıçı kimi səciyyələndirir: “Əsərlərindəki cəmiyyəti islah yolu ilə inkişaf etdirmək, təkamül proseslərinə üstünlük vermək, mənəvi məsələləri ön mövqeyə çəkmək meylləri Eynəli bəy Sultanovun maarifçi realizminin bədii ifadəsidir... Əsərlərindəki etnoqrafik çalarlar, xalq məişətinin təsviri də mahiyyət etibarilə ədəbiyyatda maarifçi realist yanaşmaların ifadəsidir”.

Kitabda yer alan əsərlərdə Naxçıvan və İrəvan bölgələrinin sosial-mədəni vəziyyəti, adət-ənənələri dolğun şəkildə əksini tapıb. Bu hekayələr eyni zamanda Naxçıvanın dialekt və şivələrinin, folklor mühitinin, etnoqrafiyasının öyrənilməsi baxımından da tutarlı mənbədir.

Eynəli bəy ədəbi mühitdə əsasən “Azərbaycan qızı” (“Tatarka”) ikipərdəli pyesi ilə tanınıb. 1883-cü ildən bir çox teatrlarda tamaşaya qoyulan əsər 1904-cü ildə İrəvanda kitab halında nəşr olunub.

Onun mətbuat sahəsində fəaliyyəti daha çox diqqəti çəkir. Filologiya üzrə elmlər doktoru Aida Feyzullayeva yazır: “Bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan inqilaba qədər demokratik Azərbaycan publisistikasının keçirdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir”. O, rus və Azərbaycan dillərində nəşr olunan bir çox qəzet, jurnal və məcmuələrdə mütəmadi çıxış edib. Ümumilikdə 30-a yaxın mətbu orqanla əməkdaşlıq edən qələm sahibi eyni zamandaKaspi” qəzetinin İrəvan və Naxçıvan bölgələri üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru işləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov E.Sultanovun 150 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Yeni nəşri maarifçi ədibin yubileyinə dəyərli töhfə hesab etmək olar.

 

Fariz Yunisli

Mədəniyyət.- 2016.- 25 may.- S. 15.