“Molla Nəsrəddin”dən
başlayan sənət yolu
Bu il 110 illiyi qeyd olunan “Molla Nəsrəddin” jurnalı ədəbi və mətbu fikrin inkişafı ilə yanaşı, təsviri sənətdə karikatura janrının da populyarlaşmasına geniş meydan açıb. Bir çox xarici və yerli rəssamlar bu dərgi vasitəsilə sənət meydanında tanınıblar. Onlardan biri də Dağıstandan avar əsilli Xəlil Musayev olub.
Xəlil İsrafil oğlu Musayev 1897-ci ildə Dağıstanın Çox aulunda dünyaya göz açıb. O, uşaq yaşlarından ağac və daş üzərində ustaların oyma işi ilə maraqlanır, təsviri sənətə həvəs göstərir. 1912-ci ildə Tiflis İncəsənəti Təşviq Cəmiyyəti yanında Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə qəbul olunur. Həmin vaxt məktəbin direktoru “Molla Nəsrəddin” jurnalının karikaturaçı rəssamı Oskar Şmerlinq (1863-1938) idi. Xəlil burada Azərbaycanın ilk peşəkar realist rəssamlarından Bəhruz Kəngərli və ilk qadın rəssamımız Qeysər Kaşıyeva ilə birlikdə oxuyur.
Gənc Xəlil O.Şmerlinqin
məsləhəti ilə ali təhsil almaq üçün
Münxenə gedir və Bavariya
Təsviri Sənət Akademiyasına daxil
olur. 1914-cü
ilin iyulunadək
professor Qabriel Ritter fon
Hakenin sinfində təhsil alır. Bu vaxt I Dünya
müharibəsi başlanır
və o, təhsilini yarımçıq qoyur və vətənə dönür. O.Şmerlinqin tövsiyəsi ilə “Molla Nəsrəddin”lə
əməkdaşlıq edir.
Araşdırmalardan məlum olur ki, onun
1912-1913-cü illər arası
“Molla Nəsrəddin”,
“Kəlniyət” və
rusdilli “Baraban” satirik məcmuələrində
“Qəribə tərəzi”,
“Bizim əyləncələrimiz”,
“Rus və müsəlman qadını
teatrda”, “Şamaxıda
məktəb barəsində
şura” - ümumilikdə
20-yə yaxın karikaturası
dərc olunub.
1920-ci ildə Dağıstanda
sovet hakimiyyəti qurulur və Xəlil Musayev Xalq Maarif Komissarlığında
İncəsənət bölməsinin
rəhbəri təyin
edilir. Ancaq o, bolşeviklərdən xilas olmağın yolları haqda düşünür. Rəssam
xatirələrində yazır:
“Məqsədim Almaniyaya
qayıtmaq, yarımçıq
qalmış təhsilimi
davam etdirmək idi. Əmim oğlanlarından biri “ÇK” tərəfindən
sorğu-sualsız güllələnmişdi.
Həmin
vaxta qədər ehtiyatla hərəkət etməyə çalışırdım.
Lakin son hadisədən səbrim tükəndi. Rəng almaq
bəhanəsi ilə
Bakıya yollandım.
Bu böyük neft şəhərində
milli hökumət yeni devrilmişdi. Mən dəfələrlə xarici
işlər və hərbi işlər komissarlığında oldum.
Qəbula düşməyə çalışdım. Hökumət başçısının şəxsi
katibi ilə dostlaşdım. Hətta
onun portretini də çəkdim”...
Almaniyaya gedən rəssam 1925-ci ildə Bavariya Təsviri Sənət Akademiyasını uğurla
başa vurur. Hələ tələbə
ikən Münxendə
ilk sərgisini açır.
Bir müddət sonra isə Bavariya Rəssamlar Gildiyası üzvlüyünə qəbul
olunur. 1925-1947-ci illərdə Cenevrə, Münxen, Berlin, Roma, Florensiya,
İstanbul, Madrid, Tehran, Nyu-York
kimi şəhərlərdə
böyük maraq doğuran sərgilər təşkil edir.
X.Musayev alman qadın yazıçı Luiza Laporta ilə “Sonuncu cəngavərlər
ölkəsi” adlı
kitab yazır. Avtobioqrafik səciyyəli
əsər 1936-cı ildə
Münxendə çap
olunur. Kitabı 1990-cı ildə “Sonuncu bahadırlar ölkəsi” adı altında İstanbulda Sürəyya Ülkər
türk dilinə tərcümə edib.
Kitabda rəssamın gənclik dövrü əhatə olunub. Professor Vilayət Quliyev araşdırmasında yazır
ki, müəllif əsərdə doğma yurdun obrazını yaratmaq məqsədilə
etnoqrafik çalarlara,
xalq adət və ənənələrinin,
bayram və mərasimlərin təsvirinə
geniş yer verib. Böyük oxucu marağına
səbəb olan kitab qumuq yazıçısı
Sayalı Hacıyeva tərəfindən 1999-cu ildə
rus dilinə tərcümə edilərək
Mahaçqalada çap
olunub.
Fırça ustası 1938-ci ildə Berlində əsilzadə ailəsindən olan alman Melani Oliviya
Yuliya ilə ailə qurur. O, rəssamın
ilham pərisinə və bir sıra
portretlərinin qəhrəmanına
çevrilir. 1947-ci ildə
həyat yoldaşı
ilə birlikdə
ABŞ-a mühacirət edən
rəssam iki il sonra
orada vəfat edir. Həyat yoldaşı X.Musayevin
şəxsi əşyalarını
və 100-dən çox
tablosunu qoruyub saxlayır. SSRİ-nin süqutundan sonra rəssamın son arzusunu yerinə yetirərək həmin əsərləri Dağıstana
göndərir.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 25 may.-
S. 15.