Əlil arabasında ömrünü başa vuran “Kefcil”
İlk dəfə onu
uşaq vaxtı sevərək
baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm.
Bu filmdə o,
zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar
digər filmlərdə məşhur rollarını görsəm
də, nədənsə yaddaşımda elə Veselçak kimi
qaldı...
SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb.
1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir. Lakin müsabiqədən keçmir və Tula şəhərinə qayıdıb, Gənclər Teatrında işə düzəlir. Bir il sonra yenidən Moskvaya gedir və bu dəfə uğur qazanır. 1959-cu ildə məktəb-studiyada təhsili başa vurur və MXAT-da işləməyə başlayır. Məktəb-studiyada tanış olduğu gələcəyin tanınmış aktrisası Nina Qulyayeva ilə ailə həyatı qurur. Bu nikahdan onların bir oğulları olur, adını Vyaçeslav qoyurlar.
Teatrda bir çox tamaşalarda oynayan Vyaçeslav Nevinnı kinoda 1957-ci ildə rejissor Yuri Rayzmanın “Kommunist” filmində debüt edir. 1960-cı ildə Vladimir Gerasimovun “Sınaq müddəti” filmində milis işçisi rolunu oynayır. Görkəmli rejissorlar Eldar Ryazanov və Leonid Qaydayla tanışlığı onu məşhurlaşdırır. “Qaraj” filmindəki Karpuxin və “Ola bilməz!” filmində pivəsatan Qorbuşkinin qaynı rolları ona geniş tamaşaçı sevgisi qazandırır.
Bundan başqa, aktyor
“Sədr” (Pavel Markuşev),
“33” (Vasili Lyubaşkin),
“Avtomobildən qorun” (maşın
çilingəri), “Ruslan və Lyudmila” (Farlaf), “Gələcəkdən
gəlmiş qonaq” (pirat
Veselçak), “Ölü
canlar” (Mixail Sobakeviç), “Köhnə Yeni
il” (Pyotr Sebeykin) və s. ekran əsərlərində bir-birindən
maraqlı rollar oynayır. Bundan başqa o, “Soyuzmultfilm”də bir çox cizgi filmlərinin
səsləndirilməsində iştirak edir. 1997-ci
ildə “Polis və oğru” (Slava) filminə çəkilir,
bundan sonra əsasən teleseriallarda rol alır. Axırıncı dəfə isə
2003-cü ildə “Dünyanın
ən yaxşı şəhəri” serialına
çəkilir.
Şəkərli diabet xəstəliyindən
əziyyət çəkən
aktyorun ayaqlarındakı
şiddətli ağrılar
üzündən xəstəxanaya
düşür, 70 yaşını
burada “qeyd etməli” olur. Xəstəliyi ağırlaşır və
əvvəl bir, sonra o biri ayağı
amputasiya olunur. Əlil arabasına məhkum olan aktyorun həyat
yoldaşı və oğlu bu ağır
günlərdə həmişə
yanında olurlar.
70-dən
çox filmə çəkilən aktyor
31 may 2009-cu ildə vəfat
edir. Hazırda onun sənət
yolunu oğlu Vyaçeslav Nevinnı davam etdirir.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2016.- 25 may.-
S. 15.