Dünyanın örnək səhnə ocaqları: Veymar teatrı

Veymar teatrı dövrünün məşhur teatrlarından biri idi. Bu alman saray teatrı 1791-ci ildə Saksen-Veymar Böyük Hersoqluğunun paytaxtı Veymarda yaradılıb. Teatrın beşiyi başında dahi alman yazıçıları Yohann Volfqanq Höte (1791-1817-ci illər) və Fridrix Şiller (1799-1805) durublar. 1775-ci ildə Hötenin Veymara gəlişinə qədər orada yalnız həvəskar saray teatrı mövcud idi. Onun tamaşaları Veymarda 1775-ci ildə memar Hauptman tərəfindən inşa olunmuş binada göstərilirdi. Teatr fırlanan səhnə texnikası ilə təchiz olunmuşdu. 1780-ci ildə Hauptman yeni bina tikir və 1791-ci il mayın 7-də A.İfflandın “Ovçular” əsəri ilə Veymar teatrı həmin binada tamaşalar göstərməyə başlayır.

Hötenin Veymar teatrına rəhbərlik etdiyi dövrdə şəhərdə altı min tamaşaçı vardı, buna baxmayaraq Veymara “Alman Afinası” deyilirdi. Teatrda dünya klassik dramaturgiyası silsiləsindən nümunələri səhnəyə çıxarmaq üçün daha çox cəhd göstərilirdi. Veymar teatrında Avropa rejissor sənətinin əsasları qoyuldu və ilk dəfə olaraq aktyor ansamblının prinsipləri həyata keçirildi.

Höte hələ Veymara gəlməmişdən qabaq həvəskar aktyor kimi teatr aləmi ilə ünsiyyət bağlamışdı. Əslində teatra maraq onda hər zaman olmuşdu. Vaxtilə səyyar kukla teatrının doktor Faust haqqında göstərdiyi tamaşa onun uşaq təəssüratında güclü təsir oyatmışdı. Sonra o, yaşıdlarını başına toplayaraq ev tamaşaları hazırlamaq üçün dəstə düzəltmişdi. Tələbəlik illərində pyeslər qələmə almağa başlamışdı.

Hersoq Karl Avqust tərəfindən Veymara dəvət olunan Höte həvəskar saray teatrının tamaşalarında fəal iştirak edir. Hersoqun yay iqamətgahında göstərilən həmin tamaşalarda məşhur saray opera və dram aktrisası Korona Şryeter də iştirak edirdi. Burada Aristofan, Molyer, Qotsi, eləcə də Heynenin yazdığı pyeslər səhnəyə çıxarılırdı. Amma Veymar hersoqluğunun idarə olunması ilə əlaqədar Hötenin boynuna çoxlu inzibati vəzifələr qoyulmuşdu. Buna görə bir müddət teatrdan uzaqlaşmalı olur, yalnız bir neçə ildən sonra hersoqun təvəqqesi ilə peşəkar teatra rəhbərliyi öhdəsinə götürür. Ona olduqca zəif bir truppa miras qalmışdı, o da həmin dəstədən cəmi dörd nəfəri saxlayır, qalan heyəti yenidən toplayır. Aktyorlarla ilk müqavilə bir il müddətinə bağlanırdı və yalnız uğurlu iş alınanda müddət uzadılırdı. Hötenin digər teatrlardan görkəmli aktyorları dəvət etmək imkanı yox idi, çünki Veymar teatrının aktyorlarının məvacibi cüzi idi. Bina isə cəmi 400 nəfər tamaşaçı tutduğundan teatrın gəlirlərini artırmağa imkan vermirdi. Ona görə də aktyorlarla işləmək və istənilən nəticəni almaq asan olsun deyə Höte truppaya gəncləri toplayırdı.

Aktyorları düçar olduqları oyun üslubundan, ətalətdən qoparmaq, onlara sənətin mahiyyətini aşılamaq məqsədilə Höte truppa üzvləri ilə fəal işləməyə başladı. Amma yeni planları, niyyətləri həyata keçirmək üçün maddi imkanlar lazım idi. Ona görə də teatrda bəzən sadəcə gəlir əldə etmək naminə ard-arda tamaşalar göstərilirdi.

1799-cu ildə Şiller Veymarda məskunlaşdı və həmin teatra rəhbərliyi onunla bölüşdü. Onların altıillik birgə işi (Şiller vəfat edənədək) teatrın ən məhsuldar dövrü sayılır. Qarşıda duran birinci vəzifə teatrda repertuarın yenidən qurulması idi. Repertuarın seçilməsi ilə bağlı Höte öz prinsiplərini, görüşlərini izah edərək bildirirdi ki, “mən cah-calallı dekorasiyalara və parlaq kostyumlara əhəmiyyət vermədim. Mən diqqətimi sanballı pyeslərə yönəltdim. Faciədən tutmuş farsa qədər bütün janrları qəbul edirəm. Amma hər pyesdə nəsə olmalıdır ki, insanda şəfqət hissi oyatsın. Pyes ustalıqla yazılmalı, nikbin və cazibədar olmalıdır. Bütün hallarda o, sağlam əhval-ruhiyyə oyatmalı, daxili hadisələrdə müəyyən bağlılıq olmalıdır. Birdəfəlik bilmək lazımdır ki, zəif, xəstə əhval-ruhiyyəli insanları göz yaşları tökməyə vadar edən və sentimental, eləcə də dəhşət, vahimə oyadan, xoş niyyətləri, əxlaqı təhqir edən pyeslər həmişəlik rədd edilməlidir. Mən belə əsərlərlə aktyorların və tamaşaçıların zövqünü korlamaqdan qorxurdum”.

Veymar teatrı öz repertuarı ilə Almaniyada ad qazanmışdı. Höte Veymar teatrına rəhbərlik etdiyi 26 ildə 601 tamaşa hazırlandı. Onlardan 104 opera, 31-i zinqşpil (məzhəkəli opera), 77-si faciə, 249-u komediya, 123-ü dram, 17-si fars idi. Orta hesabla hər tamaşa cəmi səkkiz dəfə göstərilirdi. Amma elə tamaşalar vardı ki, Hötenin öz əsərləri, Şillerin “Don Karlos”, “Mariya Stüart” pyesləri kimi səhnədə daha çox duruş gətirdilər. Motsartın “Sehrli fleyta”, “Don Juan”, “Hərəmxanadan qaçırılma” operaları hətta on dəfələrlə oynanıldı.

Amma Höte Şillerin məşhur “Məkr və məhəbbət” pyesini tamaşaya qoymurdu. Ona görə ki, bu əsər həddindən ziyadə iğtişaş oyadır. O, Şillerin “Fırtına və təzyiq” dövrünə aid digər dramlarına da belə münasibət bəsləyirdi. Hötenin katibi Ekkermana dediyi maraqlı hekayət: “Bizimlə birgə teatrda olduğu müddətdə Şiller özü ilk pyeslərini gətirmirdi və onların oynanmasına icazə vermirdi. Baxmayaraq ki, bizim pyes qıtlığımız vardı. Onun ilk üç kəskin pyesini həvəslə repertuara sala bilərdik. Həmin pyeslər üzərində yenidən işləmək qeyri-mümkün olsa da. Şillerin ən çox uğur qazanan pyesi “Vallenşteynin düşərgəsi”dir. Bu, Veymar teatrının proqram, daha doğrusu, baş tamaşası idi. Pyesdə kütləvi səhnələr üstünlük təşkil edirdi və nəzmlə yazılmışdı. Məhz bu pyesin sayəsində Veymar teatrında meşşan dramlarını və iniltili komediyaları sıxışdırıb aradan çıxaran nəzmlə yazılmış dram əsərlərinin bərpası uğrunda mübarizə qızışdı. Məhz onun sayəsində söz mədəniyyəti uğrunda mübarizə başladı”.

“Vallenşteyn”in tamaşası Şillerin Veymara gəlməsi və teatrda əməli fəaliyyətə başlaması ilə eyni dövrə düşdü. O, teatrda rejissor-pedaqoq, mühazirəçi və ədəbi iş üzrə məsləhətçi vəzifələrini yerinə yetirirdi. Bunlardan əlavə, Şiller belə hesab edirdi ki, teatr üçün yeni pyeslər yazmaq vacibdir. O, hər il teatra bir əsər verirdi. Beləliklə, “Mariya Stüart”, “Orlean qızı”, “Xilaskar gəlin”, “Vilhelm Tell” əsərləri ərsəyə gəldi. O, Veymar teatrı üçün Şekspirin “Maqbet”, Rasinin “Fedra”, Qotsinin “Şahzadə Turandot” pyeslərini işlədi.

Höte öz pyeslərinin Veymar teatrında tamaşaya qoyulmasına könülsüz yanaşırdı, onları səhnəyə kifayət qədər yararlı saymırdı. Bir tərəfdən o, çəkinirdi ki, belə hal başqa cür - ictimai mövqeyindən sui-istifadə kimi qəbul oluna, rəy oyada bilər. Bu üzdən onun “İfigeniya Tavridada” və “Torkvato Tasso” kimi klassik əsərləri yazılandan sonra səhnələşdirilmədi. Həmin məşhur faciələri Höte yalnız XIX əsrin əvvəllərində - 1802-1807-ci illərdə tamaşaya qoydu. Höte Veymar teatrında yalnız “Eqmont” əsərinin hazırlanmasına icazə verdi.

Veymar teatrının repertuarında Şekspirin pyesləri son dərəcə mühüm rol oynamışdır. Onun səhnəsində “Otello” və “Hamlet”, “Kral Lir” və “IV Henrix”, “Yuli Sezar” və “Romeo və Cülyetta” öz səhnə təcəssümünü tapmışdır. Höteni Şekspir dühası bütün ömrü boyu məftun etmişdir və öz dram əsərlərini onun tarixi xronikalarına bənzətməyə çalışmışdır. Böyük ürək, böyük düşüncə, böyük iztirab və böyük ehtiras - bütün bunlar Höteni Şekspir qəhrəmanlarının obrazlarına bağlayırdı. Onu da qeyd etmək lazımdır ki, digər xarici klassiklərdən ispan dramaturqu Kalderonun “Həyat bir yuxudur”, “Mətin şahzadə”, “Böyük Zenobiya” pyesləri Veymar teatrının repertuarında yer almışdı. Fransız klassiklərindən Volter, Kornel, Rasin, Molyer Höteyə doğma idi. Molyer haqqında Höte deyirdi: “Mən gənc yaşlarımdan Molyer yaradıcılığına bələdəm və onu sevirəm. Məni onun mükəmməl bədii üsulları deyil, hər şeydən əvvəl sənətkar təbiəti, həddən ziyadə zərifliyi və yüksək daxili mədəniyyəti valeh edir”.

Molyerin “Xəsis” və “Meşşan dvoryanlıqda”, eləcə də Rasinin “Sid”, “Fedra”, Volterin “Zaira”, “Meropa”, “Məhəmməd” əsərləri Veymar teatrında tamaşaya qoyulmuşdu. İtaliya dramaturqlarından Qaldoni və Alfyerinin əsərləri burada səhnə əksini tapmışdı. Antik müəllifləri isə Plavt və Terensi təmsil edirdilər. Höte öz müasiri olan alman müəlliflərindən Lessinqin üç məşhur pyesini - “Minna fon Barhqelm”, “Emiliya Qalotti” və “Müdrik Natan”ı tamaşaya qoymuşdu. Öz dövrünün yeni romantik dramaturqlarına Höte kifayət qədər ehtiyatla yanaşırdı. F.Şlegel və Klaystın adları cəmi bir dəfə Veymar teatrının repertuarında göründü.

Klassik alman teatrı arzusu ilə yaşayarkən Höte kompromislərə də getməyə məcbur oldu. Ovaxtkı belə güzəştlər sırasında 114 meşşan dramı və Şreyderin, İffandın, Kosebunun komediyaları da vardı. Nə edəsən ki, teatrın da öz qanunları var, ikinci dərəcəli əsərlər yüksək səviyyəli klassikanı sıxışdırır. Yüngül janrlar tez-tez və çox zaman tamaşaçı kütləsi qarşısında rəğbət qazanır.

Yüksək səviyyəli klassik teatr yaratmaq istəyən Höte aktyorlara əlahiddə tələblərlə yanaşırdı. Bu da özünü hər şeydən əvvəl onun aktyorların oyunundakı məişət və naturalizm ədalarını, maneralarını aradan qaldırmağında əksini tapırdı.

O, nəzmlə yazılmış faciənin mətnində antik teatrın təsirli vasitəsi sayılan ahəngdar, lətif, musiqili ifadəyə, plastika və mimikaya üstünlük verirdi.

Höte deyirdi: “Aktyor sözün əsl mənasında heykəltəraş və rəssam yanında təcrübə keçməlidir. Aktyor antik qəhrəmanın rolunu yaradarkən özündən asılı olmayaraq onun yerişini, duruşunu, ölməsini təsvir etmək üçün mütləq bizə gəlib çatmış antik heykəltəraşlıq nümunələrini öyrənməlidir”.

Aktyorların ifasında füsunkarlıq, rolu həyatda olduğundan daha yaxşı təsvir etmək, ritorika, gözəllik və məna çatmırdı. Onun teatrına gələn aktyorlarda belə yüksək səhnə davranışı, səriştəsi yox idi, onlar ən çox Kosebunun meşşan dramlarında oynamağa adət etmişdilər ki, bu da Hötenin onlardan istədiklərinin əksi idi. O dövrün teatr həyatı belə idi ki, aktyorların oynadıqları rolları diqqətlə öyrənməyə, başqaları ilə məsləhətləşməyə alışmamışdılar, hətta suflyora güvəndiklərindən rollarını əzbərləməyi özlərinə rəva bilmirdilər. Onların nitqi nöqsanlı idi və inkişaf etməmişdi, rolun plastikası haqqında məlumatları belə yox idi. Höte əsaslı islahatlara çalışırdı və müntəzəm məşğələlər vasitəsilə çox şeyə nail oldu.

Onun təcrübələrinin öz zəmanəsi üçün tayı-bərabəri yox idi. O vaxta kimi heç yerdə və heç kim onun kimi səhnədə məşqlər aparmırdı, stol arxasında pyesi oxumurdu. Aktyorlar bütün pyeslə tanış olurdu, hər pyesin tələbinə müvafiq olaraq öz rollarını düzgün anlamalı, üslubu qavramalı idi. Sonuncu məsələdə Höte xüsusi inad göstərirdi. Bədii oxunuşun qayda və üsullarının incəliklərinin tapılması üçün aktyorları altı dəfəyə qədər məşq etməyə vadar edirdi. Bu gün bizə elə gəlir ki, 8-14 dəfə məşq çox deyil, amma quruluşların hədsiz çox olduğu Höte dövründə bu sayda məşq alman teatrında yenilik sayılırdı. Aktyorlarla stol arxasında məşq bu qaydada aparılırdı. Birinci oxunuş zamanı onlar pyeslə tanış olur və rollar bölünürdü. İkinci oxunuşda rollar sınaqdan çıxarılırdı, üçüncü oxunuşda rollar “xarakterə” müvafiq oxunurdu. Rol bölgüsünü Höte təkbaşına həyata keçirirdi, aktyorlar isə mövqelərindən asılı olmayaraq, ona həvalə olunmuş rolla sözsüz razılaşmalı idi. Roldan imtina edəni bir taler (gümüş pul vahidi - A.İ.) cərimə gözləyirdi. Höte aktyorların suflyora vərdiş etməsinə, alışmasına qarşı mübarizə aparırdı.

Aktyorlarla işləməyin ən başlıca çətinliyi onların şeirləri lazımi səviyyədə ifa etməyi bacarmaması idi. Aktyorlar heç cür şeirin rəvan, səlis söylənməsinə alışa bilmirdilər. Məsələn, Şillerin əsərlərində onlar çoxhecalı sözləri elə hədsiz dərəcədə uzadırdılar ki, Hötenin əməkdaşlarından birinin dediyi kimi, sanki “taxta-şalban doğrayan mişarın səsini eşidirsən”. Höte aktyorlardan şeirin qayəsini saxlamağı və dəqiq ritm tələb edirdi. O, saxta ədalara, maneralara və təmtəraqlığa, təşəxxüsə qarşı mübarizə apararaq təbii ehtirasa nail olurdu. Səhnədə məşqlər zamanı Höte başqa niyyətlərini də yerinə yetirirdi. O, bütün səhnəni tutan mənzərələr qururdu. Onun sevdiyi səhnə mizanlarından biri aktyorları səhnənin yarımdairəsində yerləşdirmək idi. Hötenin səhnə mizanı ilə əlaqədar özünün təsəvvürünə, nöqteyi-nəzərinə əsasən həmişə təsviri sənətə istinad edirdi. Aktyorları harmonik şəkildə yerləşdirmək cəhətdən səhnə onun üçün sanki bir təsviri sənət əsəri idi. Ona görə də o dövr üçün xarakterik olan aktyorların səhnənin önündə çıxışının əleyhinə idi. Bu səbəbdən aktyorlardan tələb edirdi: rampa boyunca hərəkət etməyin, yerlərinizi diaqonal boyunca dəyişin, düşünülmüş halda romb şəklində yerlərinizi dəyişin, monoloq və dialoqa uyğun hərəkət edin. Buna görə də Höteni qınayıb deyirdilər ki, o səhnəni şahmat lövhəsinə döndərib və aktyorlarla şahmat fiquru kimi davranır. Bu istəyini o bir də ona görə durmadan həyata keçirirdi ki, tamaşanı aktyor ansamblı kimi başa düşürdü və fiqurların (aktyorların) qeyri-düzgün düzülüşü bütün səhnə təəssüratını poza bilərdi. Höte tamaşanın bütöv və qarışıq (sintetik) bədii vəhdət kimi anlaşılması, qavranılması üçün hədsiz dərəcədə novatorluq irəliləyişləri etdi. Veymar teatrı öz ansamblı və aktyor mədəniyyəti ilə qürur duyan yeni tipli teatr idi. O zaman alman milli teatrında yaxşı nə olmuşdusa, Hötenin diqqətindən qaçmamış, gözündən yayınmamışdı. Onların hamısını öz teatrına gətirmişdi. O, Veymar teatrının səhnəsində 13 faciə rolu ilə aktyorlara səhnədə necə yaşamağı göstərən, öyrədən İffland kimi məşhur aktyoru dəvət etmişdi. Höte üçün o, təbiətin və sənətin yaratdığı əsl nemət idi. Hötenin rejissorluq-pedaqoqluq işinin nəzəri ifadəsi onun “Aktyor üçün qaydalar” (1803) traktatında tapmışdır.

Hötenin aktyorların mədəni səviyyəsini yüksəltmək tələbi adi həyatda da öz təcəssümünü tapırdı, onun teatrında ciddi nizam-intizam vardı, o, aktyorların sərsəri həyat tərzinə qarşı mübarizə aparırdı. Onun məşqlərinə, tamaşalarına gecikmək olmazdı. Aktyorlardan yüksək əxlaqi sima tələb edirdi. Onlar ömrü boyu başa düşməli idilər ki, bədii sənət ocağında camaat qarşısında çıxış etdikləri üçün gündəlik həyat tərzlərində özlərini elə aparmalıdırlar ki, insanların ehtiramlarını qoruyub saxlamağı bacarsınlar. O, qəbahətlərinə görə aktyorları cərimələyir, hətta müvəqqəti təcridxanaya saldırır, aktrisaları isə ev dustağı etdirirdi. Bütün bu çətinliklər hər şeydən əvvəl yaradıcılıq mühitini yaxşılaşdırmaq cəhətindən mühüm əhəmiyyət daşıyırdı.

XIX əsrin əvvəllərində opera dram əsərlərini güclü şəkildə sıxışdırdı. Hersoqun opera tamaşalarına çoxlu pul buraxılırdı. Teatrın repertuarı ilə bağlı Hötenin hersoqla fikir ayrılığı getdikcə dərinləşdiyindən o, dəfələrlə istefa ərizəsi verdi.

1816-cı ildə “Obri iti” adlı fransız melodramı quruluşu üzərində iş başladı. Tamaşada əhliləşdirilmiş pudel rolunda aktyorlardan biri oynamalı idi. Höte vaxtilə Tanrı Dionisin şərəfinə yaradılmış müqəddəs teatrın səhnəsində itin zühur etməsinə qəti surətdə etiraz etdi. Amma etirazı hersoq tərəfindən qəbul olunmadı. Belə olan halda o, istefa ərizəsini verərək Veymarı tərk etdi. Bu dəfə istefası qəbul olundu. Höte gedəndən sonra Avropanın bu şöhrətli teatrı gözdən-nəzərdən uzaq saray teatrına çevrildi.

Hötenin Veymar teatrında apardığı islahatlar, dünya dramaturgiyasının səhnə şərhi sahəsində təcrübəsi, aktyor sənətini inkişaf etdirmək sahəsində gördüyü işlər Avropa teatr mədəniyyətinin əhəmiyyətli səhifələrini təşkil edir.

 

Hazırladı: Atababa İsmayıloğlu

Mədəniyyət.- 2016.- 25 may.- S. 12-13.