Cəfər Cabbarlı
mükafatının təqdimat mərasimi keçirildi
Mayın 23-də
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Cəfər Cabbarlı mükafatının təqdimat
mərasimi keçirildi.
Mərasimdə çıxış edən Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı bildirdi ki, mükafatın builki təqdimatı QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə C.Cabbarlı adına mədəniyyət, elm, təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında həyata keçirilir. Qeyd olundu ki, muzeyin layihəsi əsasında 2001-ci ildə təsis edilən mükafat ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara verilir.
Sonra mükafat
sahibləri elan edildi.
Bu il mükafata Xalq şairi Nəriman Həsənzadə,
Xalq artisti Fuad Poladov, filologiya
üzrə fəlsəfə
doktoru Rauf Sadıxov, Xalq artisti Mələkxanım
Əyyubova, yazıçı-publisist
Sadıq Elcanlı, C.Cabbarlının Bakıda
ucaldılan abidəsinin
memarı Mirəli Mirqasımov, Azərbaycan Radiosunun diktoru Eldost Bayram layiq
görülüb. Mükafatlar sahiblərinə
təqdim olundu. M.Mirqasımovun mükafatı
həyat yoldaşı,
professor Gültəkin
Mirqasımovaya verildi.
Teatrşünas Çingiz Ələsgərli,
Dünya məktəbinin
rəhbəri Nailə
İsayeva və məktəb teatrının
bədii rəhbəri
Murad Allahverdi, C.Cabbarlının ev-muzeyinin
baş fond mühafizi
Sənubər Əhmədova
xüsusi diplomla təltif olundular.
Xalq şairi Nəriman Həsənzadə mərasimdə iştirak edən görkəmli ədibin qızı Gülarə Cabbarlıya həsr etdiyi şeiri səsləndirdi. Xalq artisti Fuad Poladov C.Cabbarlının əsərlərinin tamaşalarında çıxış etmək arzusunda olduğunu söylədi: “Mənə hər zaman elə gəlib ki, Cəfər Cabbarlını həyatda görmüşəm, onunla ünsiyyətim olub. Yəqin bu ondan irəli gəlir ki, mənim atam Cəfər Cabbarlının adını daşıyan 161 saylı məktəbin direktoru olub. Özümüz də eyni məhəllədə yaşamışıq. İndi də tale elə gətirib ki, metronun “Cəfər Cabbarlı” stansiyasından çıxıb işə gedirəm. Çox istəyərdim, Cəfər Cabbarlının əsərlərinin birində çıxış edim”.
Təqdimat mərasimi ədəbi-bədii, musiqili kompozisiya ilə davam etdi.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 25 may.-
S. 11.