Bakıda Monteneqronun
müstəqilliyinin 10 illiyi ilə
bağlı tədbir keçirilib
Mayın 21-də
Bakıda Monteneqro Respublikasının
yaranmasının 10 illiyi ilə
bağlı tədbir keçirilib.
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev çıxış edərək bildirib ki, bu ölkə 2006-cı ilin 21 mayında müstəqillik əldə edib. Ötən müddətdə ölkə bir çox uğurlar əldə edib. Bugünlərdə (19 may) Monteneqronun NATO-ya qoşulması ilə bağlı protokol imzalanıb və üzvlük prosesi 2017-ci ildə tamamlanacaq.
Fəxri konsul Monteneqro-Azərbaycan əlaqələrindən də danışıb. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci ildən qurulub. 2012-ci ildə Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi açılıb. Monteneqronun Azərbaycandakı fəxri konsulluğu isə 2013-cü ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında geniş siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri mövcuddur. Monteneqro Prezidenti Filip Vujanoviç 2011-ci ildə ölkəmizə səfər edib, iki il sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Monteneqroda rəsmi səfərdə olub.
İki ölkə arasında turizm əlaqələri də sürətlə inkişaf edir. 2013-cü ildən yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa uçuşlar həyata keçirilir. Son üç ildə 12500-dən artıq azərbaycanlı turist Monteneqroda olub. Hazırda bu ölkə Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir.
Ötən həftə Podqoritsa şəhərində Azərbaycanın Monteneqrodakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və bu ölkədəki səfirliyimizin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub, millət vəkili, yazıçı Hüseynbala Mirələmovun Heydər Əliyev haqqında kitabının təqdimatı da keçirilib.
Tədbirdə iştirak edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan və Monteneqronun vətəndaş cəmiyyəti və media qurumlarının əməkdaşlıq etdiyini deyib.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 25 may.-
S. 10.