Səhnələrdə əbədiləşən
sənətkar taleyi
Azərbaycan
Dövlət Rus Dram
Teatrında səhnəyə çıxarılan əsərlər
başqa teatrlarda dəfələrlə
oynanılsa da, həmişə fərqlidir,
hər tamaşa maraqlı yozumları ilə
yadda qalır. İstedadına, təxəyyülünə
arxayınlaşmayıb daim öz sənət bacarıqlarını inkişaf
etdirənlər eyni sənət
ocağında toplaşanda
tamaşaçı sevgisini qazanmağa layiq səhnə
əsərləri təqdim edə bilirlər.
Mayın 20-də teatrda mövsümün növbəti premyerası oynanıldı. Kollektiv Xalq yazıçısı Elçinin «Artistin taleyi» əsərinə müraciət etmişdi. Maraqlıdır ki, bundan öncə Akademik Milli Dram Teatrında əsərə səhnə taleyi vermiş Xalq artisti İranə Tağızadə bir daha bu pyesə müraciət edib. İkinci maraqlı cəhət ondan ibarətdir ki, həmin tamaşada da baş qəhrəmanı - Hüseyn Ərəblinski obrazını Əməkdar artist Firdovsi Atakişiyev, onun aktyor truppasındakı yeganə qadın aktrisa, yəhudi Maya rolunu Natəvan Hacıyeva canlandırmışdı. Firdovsi Atakişiyev bu dəfə Ərəblinskini elə oynamalıydı ki, obrazın ruhuna və ifaçının öz roluna münasibəti dəyişməsin, eyni zamanda isə tamam yeni bir personaj yaratsın. Rus Dram Teatrının gənc aktrisası Natəvan Hacıyeva Azərbaycan dilində oynanılan tamaşada öz ləhcəsi, rusdilli olması ilə udurdusa, bu dəfə onun belə bir şansı yox idi: aktrisa öz qəhrəmanının həm milli mənsubiyyətinə görə, həm də qadın və aktrisa kimi yaşadığı faciənin acısını oynamalı idi. Bütün bunları tamaşada izləyəcəkdik.
* * *
Tamaşadan əvvəl müəllif onu foyedə qarşılayan media təmsilçilərinin qarşısına keçdi. Təbrikləri qəbul edib dedi:
- Bu əsər iki il əvvəl Akademik Milli Dram Teatrın səhnəsində «Sənətkarın taleyi» adı altında tamaşaya qoyulmuşdu. Həmin tamaşanı da Xalq artisti İranə Tağızadə səhnələşdirmişdi. Müəllif olduğum üçün demirəm, İranə xanım dəvət olunduğu kollektivdə yüksək-bədii estetik səviyyəli tamaşa hazırlamağa müvəffəq olmuşdu. İndisə o, doğma teatrında bu əsərə müraciət edib. Rus Dram Teatrının da öz sənət ənənələri, yaradıcı potensialı yüksək olan aktyor truppası var. Klassik və müasir Azərbaycan dramaturgiyasına müntəzəm müraciət edirlər. Bu pyesin baş qəhrəmanı Hüseyn Ərəblinski olsa da, əslində o, bir rəmzi obrazdır. Pyesdə Azərbaycan peşəkar teatrının təşəkkülü dövründə yaşanmış sənətkar və zaman, sənətkar və cəmiyyət, sənətkar və insan problemlərinə toxunulur. Teatrın formalaşma mərhələsində səhnəyə çıxan ilk aktyorların sənət naminə üzləşdikləri məhrumiyyətlərə qalib gəlməsindən danışılır. Vaxt olmadığından məşq prosesində iştirak etməmişəm. Bu gün mən də tamaşanı ilk dəfə seyr edəcəyəm.
Premyeraya çoxlu tanınmış sima - dövlət, ictimai, mədəniyyət və incəsənət xadimləri gəlmişdi. Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov, Rusiya və Fransanın ölkəmizdəki səfirləri Vladimir Doroxin, Akreliya Buşez, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev və başqaları tamaşaçılar arasında idilər.
* * *
Quruluşçu rejissor ilə quruluşçu rəssamın (Mustafa Mustafayev) yozumuna görə tamaşaçı səhnədə aktyorların səhnə arxasındakı həyatını görür. Əslində səhnə iki pilləlidir. Birinci pillə küçədir, Carçının (Yaroslav Trifonov) tamaşaların afişasını yapışdırdığı, hər kəsi Ərəblinskinin yeni tamaşasına dəvət etdiyi və cəmiyyətin ən müxtəlif üzvlərinin dolaşdığı bir yerdir. Maraqlıdır ki, kimliyindən asılı olmayaraq, onların heç biri - Molla (Boris Brodski), Baqqal (İosif Tkaç), Jurnalist (Nazim Cabbarov), Ziyalı (Fərid Bəhramov), Qoçu (İbrahim Çingiz), Redaktor (Zaur İsgəndərov), neftxuda Hacı Məmməd Tağı (Yaqub Zeynalov) Ərəblinski barədə yaxşı heç nə demir, əksinə, onu ləkələməklə məşğuldur. Səbəb? - aktyorun şöhrəti və millətin oyanışı uğrunda mübarizə aparması onlara rahatlıq vermir.
Minimum dekorasiyadan istifadə edən quruluşçular Ərəblinskinin qatili olacaq dayısı oğlu Əbdülün (Murad Məmmədov) öz anası (Elmira Aslanova) ilə artist bibioğlunun ucbatından qarşılaşdıqları çətinlikləri müzakirə etməsini də, Qubernatorun (Yuri Baliyev) Sankt-Peterburqdan gəlmiş qonaqları Qraf (Aleksey Saprıgin) və Ərəblinski heyranı Qrafinya (Ayan Mirqasımova) ilə azərbaycanlılara teatrın gərək olub-olmasına dair mübahisəli söhbətləri də səhnənin önündə, yəni teatr fədailərinin toplaşdığı kulisdən aşağıda baş verir. Bu ayrıntılar iri, teatr çilçırağının səhnəyə enib qalxması ilə işarələnir.
Quruluşçu rejissor bu yozumu ilə demək istəyir ki, siz - cəmiyyəti geri çəkmək istəyən, avam kütləni idarə etməyin daha rahat olduğunu bilən kəslər - mövqeyinizdən asılı olmayaraq, kasıb, adi insani həzlərini sənətə qurban verməyi bacaran şəxslərin ucalığına qalxa bilməzsiniz.
Hüseyn Ərəblinski (Firdovsi Atakişiyev) isə bu məkanda tək deyil. Onu sevən aktrisa Maya (Natəvan Hacıyeva), heç zaman ondan ayrıla bilməyən Poloni (Əsgər Rəhimov), Yaqo (Teymur Rəhimov), teatrdan uzaqlaşa bilməyən Bığlı Aktyor (Oleq Əmirbəyov), bir də Carçı var.
Firdovsi Atakişiyevin ifasında Ərəblinski bizim teatr tarixinə dair oxuduqlarımızdan, onunla birgə çalışmış teatr fədailərimizin xatirələrindən tanıdığımız Sənətkarı xatırladır. Sənətə fədakarcasına yanaşması ilə, hər şeyi, hətta kimsəsiz və vərəmli Mayanın ona bəslədiyi sonsuz sevgini də, qoca Qrafdan bezmiş, güclü və istedadlı kişinin məşuqəsi olmağa hazır zəngin və gözəl Qrafinyanın eşqini də teatrın ayaqları altına atan böyük Aktyordur. Amma onu ürəkçalan, qəlbsiz biri kimi qınamağa nə haqqımız var?! Axı, o, Peterburqda Mariinsk teatrında vəd edilən şan-şöhrəti, zənginliyi də milli teatra, Azərbaycan insanının sivilizasiyalı dünyada yaşamaq haqqı uğrunda mücadiləyə qurban verir.
Sənətdən, böyük amallardan aşağıda dolaşanların yalnız ikisi - gözəl, sənət və kişi sevgisinə möhtac Qrafinya, bir də dayıoğlu Əbdül səhnəyə qalxır. Əgər Hüseyn ona aşiq olan, Peterburqda Mariinsk teatrının qapılarını onun üzünə açacağını, onu imperatora belə təqdim edəcəyinə söz verən Qrafinyanın yalvarışını eşitsəydi, yəqin ki, Əbdül ən böyük hisslərin hakim olduğu məkana çirkin niyyəti ilə ayaq basmazdı.
Salonun dinməz həyəcanla izlədiyi tamaşa başa çatır. Namərd dayıoğlunun əli ilə ömrü vaxtsız bitən Hüseyn son nəfəsində sevimli Mayanı çağırır, onun ruhuna “yanına gəlirəm” deyir.
* * *
Orijinal pyes, zəngin təxəyyül, gərgin iş, yekdil fikir, böyük zəhmət sayəsində ərsəyə gəlmiş tamaşa. Bu, Azərbaycan sərhədlərini aşmağa, bizim teatr sənətimizin necə yarandığından, kimlərin çiyinləri üzərində qalxdığından bəhs edən səhnə əsəri kimi istənilən festivalda, müsabiqədə göstərilməyə layiq bir tamaşadır.
Azərbaycan Dövlət Rus Dram Teatrının daimi izləyiciləri məni yalançı çıxmağa qoymazlar. Bu kollektivin tamaşalarında kimin zəif, kimin güclü çıxış etdiyini ayırd etmək qəliz işdir. Tamaşalar birgə, eyni məqsədə qeyd-şərtsiz qulluq edən istedadlı və həm də məsuliyyətli komandanın işi kimi təsir bağışlayır.
Məgər Hüseyn Ərəblinskinin istədiyi, can atdığı, tələb etdiyi bu, deyildimi?
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 25 may.-
S. 6.