Turizm obyektləri, mehmanxanalar və turizm şirkətləri nümayəndələrinin
görüşü
Mayın
24-də Milli Kitabxanada
respublikanın şimal-qərb zonasında - Şamaxı,
İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında yerləşən
turizm obyektləri və mehmanxanaların
nümayəndələri ilə turizm
şirkətləri təmsilçilərinin görüşü
keçirildi.
Görüşdə mədəniyyət və turizm nazirinin əmrinə əsasən mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupun üzvləri də iştirak edirdi.
Görüşün keçirilməsində əsas məqsəd turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turizm obyektləri və mehmanxanalar ilə turizm şirkətlərinin əlaqələrinin gücləndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılmasıdır.
Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri, işçi qrupun üzvü Bəxtiyar Qılıncov bildirdi ki, mədəniyyət və turizm nazirinin əmrinə əsasən yaradılan qrupun üzvləri aprel ayında bölgələrdə bir sıra görüşlər keçiriblər.
Həmçinin Şəki-Balakən marşrutu üzrə müvafiq klasterlərin yaradılması üçün monitorinqlər aparılıb. Həmin monitorinqlər zamanı bölgədə yerləşən hotellər tərəfindən Bakıda fəaliyyət göstərən turizm şirkətləri ilə görüşün keçirilməsi və müzakirələrin aparılması təklif olunub.
Görüşün əhəmiyyətini qeyd edən B.Qılıncov ölkəmizdə turizmin daha da inkişafına nail olmaq üçün turizm şirkətləri ilə turizm müəssisələri və hotellərin qarşılıqlı əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.
İşçi qrupun üzvü, nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov sözügedən rayonlarda turizmin inkişaf etdirilməsi üçün çox böyük potensialın olduğunu qeyd etdi. Bildirdi ki, bu potensialın daha geniş şəkildə təbliği üçün turizm sahəsində çalışan şirkətlərin qarşılıqlı fəaliyyət göstərməsi zəruridir. Turizm müəssisələrində mədəni proqramların təşkil olunması və eyni zamanda turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə qarşılıqlı əlaqələrin qurulması da mühüm məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə öz dəstəyini əsirgəməyəcək.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev də bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, belə ünsiyyət qarşılıqlı əməkdaşlığa töhfə verməklə yanaşı, mövcud problemlərin aradan qaldırılmasına da müsbət təsir göstərəcək.
Görüş ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi, xarici turistlərin ölkəyə cəlb olunması və turistlərə göstərilən xidmətin yüksəldilməsi kimi məsələlərin müzakirəsi ilə davam etdi, mövcud vəziyyət və problemlərlə bağlı fikir mübadiləsi aparıldı.
Fariz
Mədəniyyət.- 2016.- 25 may.-
S. 4.