Xalq oyunmeydan tamaşalarında qəhrəmanlıq motivləri

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qədim xalq oyun və tamaşalarında qəhrəmanlıq motivləri” mövzusunda seminar keçirib.

Layihənin rəhbəri Həbib Misirov çıxış edərək milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.

Çıxış edənlər bildiriblər ki, tarixi çox qədimlərə gedən, müxtəlif dövrlərdə xalqın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı qeyd edib ki, qloballaşma və müasirləşmə şəraitində mədəniyyət nümunələrinin bir çoxu unudulmaq təhlükəsi ilə üzləşir. Xalq oyunları və meydan tamaşalarının bərpa olunması, qorunması və gələcək nəsillərə tam şəkildə çatdırılması üçün elm və mədəniyyət təşkilatlarının öz fəaliyyətlərini bu istiqamətdə gücləndirməsi, mütəxəssisləri bir araya gətirməsi aktual məsələlərdəndir.

Mədəniyyət.- 2016.- 25 may.- S. 4.