Avropada Nizami dühasına növbəti ehtiram

Sloveniya paytaxtında dahi Azərbaycan şairinin abidəsi ucaldılıb

Mayın 23-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib. Lyublyananın Şimali şəhər parkında ucaldılan abidənin müəllifi soydaşımız, Ukraynanın Xalq rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.

Mərasimdə Sloveniyada səfərdə olan Milli Məclisin üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşları, Sloveniya parlamentinin yuxarı palatasının (Milli Şura) sədri, Lyublyana merinin birinci müavini, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin giriş hissəsində ibtidai sinif şagirdlərindən ibarət uşaq yaradıcılıq qrupları rəngarəng proqramla çıxış ediblər. Şeirlər, mahnılar ifa edilib, uşaq nağıllarından səhnəciklər təqdim olunub.

Sonra Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasovun başçılıq etdiyi musiqi heyəti Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Sloveniya parlamenti Milli Şurasının sədri Mitya BervarLyublyana şəhəri merinin birinci müavini Aleş Çerin tədbirin açılışında çıxış ediblər.

A.Çerin çıxışında Şimali şəhər parkının dünya ədəbiyyatı və maarifçiliklə bağlı bir məkan olduğunu bildirib. Qeyd edilib ki, burada yerləşən “Kitab oxuyan qız” abidəsi ətrafında hər il “Dünyanın birləşmiş böyüyən kitabları” layihəsi həyata keçirilir. Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, hər il tədris ilinin sonuna yaxın uşaq və yeniyetmələr arasında mütaliəyə maraq oyatmaqkitablara sevgi aşılamaq məqsədilə həmin abidənin yenidən açılışı olurbu zaman abidə bir qədər də “böyümüşolur. Çünki onun postamentinə hər il təhsil, oxu mədəniyyəti və tolerantlığı təbliğ edən deviz və fikirlər əlavə edilir. Abidə böyüdüyü kimi, gənc oxucular da oxuduqları kitablarla onların sayəsində böyüyür, yetkin insana çevrilirlər.

A.Çerin bildirib ki, 2010-cu ildə UNESCO tərəfindən “Dünya kitab paytaxtı” elan edilmiş Lyublyana şəhərində dünya ədəbiyyatına ölməz əsərlər bəxş etmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı qürurverici hadisədir. O, şəhər meriyası adından Azərbaycan tərəfinə abidənin ucaldılması üçün göstərilən dəstəyə görə minnətdarlıq edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qədim Nizami yurdunun sakinləri və bütün Azərbaycan xalqının sloven xalqına salamlarını çatdırıb, bu təqdirəlayiq addıma görə minnətdarlıq edib. Qeyd edib ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın 20-dən artıq şəhərində nadir kolleksiyalar bölümündə qorunub saxlanılır və bir çox şəhərlərdə (Roma, Sankt-Peterburq, Təbriz, Pekins.) şairin abidəsi ucaldılıb. Bu sıraya Lyublyana şəhərinin də qoşulması müsbət hadisə kimi dəyərləndirilməlidir və bu, iki xalq arasında dostluq əlaqələrini bundan sonra daha da dərinləşdirəcək.

Azərbaycanlı adamı Artur Abdinov çıxışı zamanı Nizami Gəncəvinin adının Avropada daha bir şəhərdə əbədiləşdirilməsindən fəxarət hissi keçirdiyini, xaricdə yaşayan azərbaycanlı adamlarının gələcəkdə bu kimi layihələrə qoşulmalı olduğunu qeyd edib.

Lyublyana şəhərinin meriyasına üzərində Nizami Gəncəvinin və onun əsərlərindən motivlərin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib. Tədbir musiqili proqramla yekunlaşıb.

Mədəniyət.-2016.- 25 may.- S. 3.