Gənc kamança
ifaçılarının respublika
müsabiqəsinin yekun konserti
Xəbər verdiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı keçirilən Gənc
kamança ifaçılarının Habil Əliyev adına I Respublika
müsabiqəsi başa çatıb.
Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin yekun konserti və qalib və fərqlənənlərin mükafatlandırılması mərasimi olacaq.
Müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyəsinin artırılması və dəstəklənməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.
Respublika müsabiqəsinin I turu bu ilin 11-26 aprel tarixində zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Ağcabədi, Goranboy rayonlarında, II turu isə 2-5 may tarixində Habil Əliyevin doğma yurdu Ağdaşda keçirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 150 gənc kamança ifaçısının çıxışını qiymətləndirib.
Münsiflər heyətinin qərarına
əsasən Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş,
Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz,
Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət
məktəblərinin şagird və
müəllimləri müsabiqənin müxtəlif dərəcəli
diplomlarına, fəxri fərmanlarına və pul mükafatlarına layiq
görülüb.
Mədəniyyət.- 2016.- 25 may.-
S. 2.