Ceyhun Hacıbəyli irsinə həsr olunmuş
elmi-praktik konfrans
Mayın 24-də
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin və Azərbaycan
Mətbuat Şurasının birgə təşkilatçılığı
ilə “Azərbaycan jurnalistikasının inkişaf
xüsusiyyətləri milli tarix və təcrübə kontekstində”
adlı elmi-praktik konfrans
keçirilib.
Tədbiri giriş sözü il açan BDU-nun jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası idarə heyətinin üzvü, professor Şamil Vəliyev Azərbaycan Respublikası Prezidentinin ötən ilin noyabrında Ceyhun Hacıbəylinin 125 illik yubileyi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının sərəncamı görkəmli ziyalı, yazıçı-publisist C.Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, çağdaş jurnalistikamız üçün də əhəmiyyətli sənəddir.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov C.Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixində rolundan bəhs edib. Qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı üzərindən cəmi 43 il keçdikdən sonra mütəhərrik qüvvə kimi müstəqillik ideyalarının carçısına çevrildi. Bu prosesdə ziyalılar, görkəmli fikir adamları böyük tarixi missiya yerinə yetirdilər. Belə nəhəng fikir adamlarından biri də Ceyhun Hacıbəyli idi.
Millət vəkili, yazıçı-publisist Aqil Abbas, BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Aslan Kənan və digər çıxış edənlər C.Hacıbəyli şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər.
Tədbirdə həmçinin C.Hacıbəyli
haqqında tələbələrin hazırladığı
qısametrajlı film nümayiş
etdirilib.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 15.