“Gerçəklikdən o tərəfdə” olanları görmək istəsən...

Fotoqraf Şahin Sərkarovun (Şahin Yüksəl) adı təbiətsevərlər və çağdaş Azərbaycan mədəniyyətinə biganə olmayanlara daha yaxşı tanışdır. Onun hətta Bakının basırıq küçələrində də tapıb fotoobyektivlə bizə göstərdiyi şəhər lövhələrini, bölgələrimizdə çəkdiyi mənzərələri, ən çox da teatrkino xadimlərinə həsr etdiyi portretləri görməyə, əvvəldən sonadək səbirlə izlədiyi tədbirlərdən, çəkiliş proseslərindən hazırladığı fotosessiyaları seyr etməyə alışmışıq.

Nə qədər qəribə də olsa, Şahin müəllimin indiyədək fərdi sərgisi olmamışdı. Mayın 24-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Şahin Yüksəlin ilk fərdi sərgisi açıldı.

28 May - Respublika Gününə həsr olunmuş sərgi indiyədək bizim adda-budda seyr etdiyimiz Vətən mənzərələrini, tanınmış incəsənət xadimlərinin portretlərini bir araya gətirdi. Sərgiyə «Gerçəklikdən o tərəfdə» adı verilmişdi.

Həqiqətən də, nümayiş olunan foto-rəsmləri seyr etdikcə onların gerçəklikdən o tərəfə adladığını hiss edirsən. Axı, «Torqovı»dakı küçə qəndillərini də, Bakı bulvarındakı qağayıları da, hələ desəniz, Qəbələdəki Nohur gölünügörmüşük, əlimizdəki fotoaparatla, mobil telefonla onların şəklini də çəkmişik, həmin fonlarda öz şəkillərimizi də çəkdirmişik. Bəs, onda? Bəli, biz peşəkar foto ustasının artıq fotokompozisiya kimi gördüyünü görə bilmirik. Həvəskar çəkiliş, faktın görüntü formasında təsviri ilə peşəkar çəkiliş arasındakı fərq elə budur.

G.Mirməmməd

Mədəniyyət.- 2016.- 27 may.- S. 13.