“Üç
yazıçı, üç kitab”
Ankarada Azərbaycan yazıcılarının kitablarının təqdimatı keçirildi
Mayın 25-də
Ankarada Avrasiya Yazarlar Birliyinin təşəbbüsü
və təşkilatçılığı ilə Azərbaycan
yazıcılarının kitablarının təqdimatına
həsr olunmuş “Üç
yazıçı, üç kitab” adlı tədbir keçirildi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Göz muncuğu”, qurumun katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid “Bir daha gəlməyəcək” və yazıçı Pərvin “Anarın dünyası” kitabları ilə türkiyəli oxucuların görüşünə gəlmişdilər.
Açılış nitqi ilə çıxış edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu bildirdi ki, təqdim olunan üç kitabdan ən son nəşr ediləni Anarın “Göz muncuğu” kitabıdır. Anarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük yazıcısı olduğunu vurğulayan natiq ədibin yaradıcılığından bəhs etdi.
Gənc yazıcı Pərvin isə kitabının Türkiyədə çap olunmasını çox arzuladığını və bu arzunun gerçəkləşməsinə sevindiyini dilə gətirdi.
Rəşad Məcid öz çıxışında Y.Öməroğlunun rəhbərliyi ilə Avrasiya Yazarlar Birliyinin fəaliyyətindən söz açdı: “10 ildir ki, bu qurumun həyata keçirdiyi böyük işlərin şahidiyik. Türkdilli xalqların ədəbiyyatını, mədəniyyətini bir-birinə tanıtmaqda qurum əvəzsiz rol oynayır. Birlikdə Mahmud Kaşğarlı hekayə müsabiqəsi keçiririk və bu müsabiqə yazıcılarımıza böyük stimul verir”.
“Türkiyə ilə hər görüş mənim üçün bir bayramdır”,- deyən Xalq yazıçısı Anar bu görüşün də əlamətdar olduğunu bildirdi: “Bu gün burda üç nəsil təmsil olunur: mən yaşlı, Rəşad Məcid orta, Pərvin isə gənc nəslin nümayəndəsidir. Mənim yaşımın isə elə bir dövrüdür ki, dostlarımın çoxu haqq dünyasındadır. Ona görə də bu dünyada qalan dostlarım, gənclər mənə əzizdir. Başqa bir tərəfdən də ona görə sevincliyəm ki, burada Yaqub bəy başda olmaqla dostlarımı görürəm. Bu səfəri, bu görüşü bayram edən həm də odur ki, bizim kitablarımız çap olunub. Yazıçı üçün kitabının çap olunması onun həyatında ən böyük sevincdir”.
TÜRKSOY baş katibinin müavini Fırat Purtaş da öz çıxışında Avrasiya Yazarlar Birliyinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən bəhs etdi və bildirdi ki, bütün bu layihələr türk dünyasının yaxınlaşmasında böyük rol oynayır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Avrasiya Yazarlar Birliyinin bu təqdimatını Azərbaycanın milli bayramı - Respublika Günü ərəfəsində bir hədiyyə kimi dəyərləndirdi.
Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Azərbaycanla bağlı xatirələrini dilə gətirərək, ölkəmizdə çalışdığı müddətdə ədəbiyyat xadimi kimi Anardan böyük mənəvi dəstək gördüyünü bildirdi.
Sonra yazıçılar oxucuların suallarını cavablandırdılar, kitablarını oxucular üçün imzaladılar.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 27 may.- S. 11.