Turizm və Menecment Universitetində dəyirmi masa
Mayın 24-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü və 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
“Birinci Türkoloji qurultayın türk xalqlarının tarixindəki rolu” mövzusunda tədbiri ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarixi hadisəyə dövlət səviyyəsində hüquqi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən I Türkoloji qurultayın 80 və 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalandığını diqqətə çatdırıb.
Vurğulanıb ki, I Bakı Türkoloji qurultayında qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını qoruyub saxlayır.
ATMU-nun Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova, AMEA Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, universitetin müəllimləri - tarix elmləri doktoru Minəxanım Əsədova, dosentlər Məhərrəm Zülfüqarlı, Seyidəli Məmmədli və başqaları 1926-cı il fevralın 26-dan martın 6-dək davam edən qurultayın gündəliyindəki məruzələr, iştirakçıların tərkibi, o cümlədən türk dünyasının dili, tarixi, ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşüblər.
Dəyirmi masa I Türkoloji qurultay
haqqında videoçarxın nümayişi
ilə başa çatıb.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 9.