Ölkəmiz Daşkənddə
keçirilən festivalda təmsil olunub
Özbəkistan
paytaxtındakı “İnterhaus” liseyində
“Xalqlar dostluğu
festivalı” keçirilib.
Festivalda Daşkənddə akkreditə olunmuş 15 ölkə səfirlikləri öz xalqlarının mədəniyyətini, incəsənətini və milli mətbəxini nümayiş etdirib. Hər xalqın milli mətbəxini bu məktəbin şagirdləri hazırlayıblar.
Festivalda ölkəmizi Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr haqqında kitab və albomlar nümayiş etdirilib.
Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, milli musiqi alətləri, məişət əşyalarımız, Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz maraqla qarşılanıb.
Guşədə şagirdlərin hazırladıqları milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü, qutab buraya gələnlərin diqqətini cəlb edib.
Sonda iştirakçı
dövlətlərin nümayəndələrinə diplomlar verilib.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 9.