Multikulturalizm uşaqların gözü ilə”

Mayın 25-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirildi. Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanan tədbirin məqsədi müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni əlaqələrin yaradılmasıdır.

Əvvəlcə binanın foyesində açılmış sərgiyə baxış oldu. Burada Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin (Azərbaycan, Türkiyə, Fransa, Ukrayna, Pakistan, Qazaxıstan, Braziliyas.) mədəniyyətini, incəsənətini, tarixini əks etdirən dekorativ-tətbiqi sənət nümunələri, milli rəqs, geyimlər və mətbəxi nümayiş etdirirdi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, ölkə başçısının sərəncamı ilə 2016-cı ilMultikulturalizm ilielan olunub. Bu istiqamətdə rayonda mütəmadi olaraq tədbirlər keçirilir. Bugünkü tədbir də məhz multikulturalizm mövzusuna həsr olunub.

Qeyd olundu ki, multikulturalizm Azərbaycan üçün vacib siyasətdir, çünki respublikamızda müxtəlif millətlərin və xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar yaşayır. Son illər respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Eyni zamanda multikulturalizm dəyərlərinin təbliği ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsinin bariz nümunəsidir. Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fonduonun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun tezliklə azad olunacağına əminliyini bildirdi. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğuladı.

Sonda Bayram Səfərov Şuşa rayonunda keçirilən mədəni tədbirlərin təşkilinə göstərilən köməyə görə Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru, “Təbəssüm” uşaq kollektivinin bədii rəhbəri Əminə Musayevaya fəxri fərman təqdim etdi. Əminə Musayeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “Təbəssüm” kollektivinin uğurlarından söz açdı.

Mərasimin bədii hissəsində tədbirdə iştirak edən ölkələrin uşaq kollektivləri xalq mahnılarını və milli rəqslərini ifa etdilər. Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin hazırladığı konsert proqramı alqışlarla qarşılandı.

Fariz

Mədəniyyət.- 2016.- 27 may.- S. 8.