Ağdaş və Şamaxı muzeylərində
tədbirlər
Ağdaş rayonunda 18 may - Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər gecəsi” adlı aksiya keçirilib. Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbir Heydər Əliyev Mərkəzi və Məqsud Şeyxzadənin ev-muzeyi tərəfindən təşkil olunub.
Muzeyin direktoru Nişanə Yusifova tədbiri açaraq aksiyanın məramından danışıb, əlamətdar gün barədə məlumat verib. Digər çıxış edənlər dövlət tərəfindən muzeylərin inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar.
* * *
Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Muzeylər və arxeologiya" mövzusunda seminar keçirilib. Muzeyin direktoru Məleykə Kamilova seminarı açıb, iştirakçıları Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib.
Tədbirə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin mövzuya dair məruzəsi dinlənilib. Sonda F.Xəlilli Verona və Konya şəhərlərində keçirilmiş konfransların materiallarının toplandığı kitabları muzeyə hədiyyə edib.
Mirzə Ələkbər Sabirin
ev-muzeyində isə Beynəlxalq Muzeylər Günü
ilə bağlı “açıq qapı” elan
edilib. Muzeyin direktoru Rəqsanə Xəlilzadə
çıxış edərək muzeylərin əhəmiyyətindən
danışıb. Muzeyin elmi
işçisi N.Cabbarova
və bələdçi A.Əliyevanın da
çıxışları dinlənilib. Sonda
şagirdlər böyük satirikin şeirlərini söyləyib, ədəbi-bədii
kompozisiya təqdim ediblər.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 7.