“Koroğlu”nun yeni ifaçılarına salondan
baxış
Əgər azərbaycanlı tenor doğma xalqının gözündə özünü
əsl vokalçı
kimi təsdiq etmək niyyətindədirsə,
mütləq «Koroğlu»
imtahanından müsbət
qiymət almalıdır.
Əks təqdirdə çoxluq onun Avropa operalarındakı
uğuruna ciddi yanaşmayacaq, yox, əgər Koroğlu partiyasının öhdəsindən
gəlsə, digər
uğurlarının da
əhəmiyyəti birə-beş
artacaq.
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılan «Koroğlu» operasını bir növ premyera hesab etmək olar. Bir tamaşada 6 (!) debütantın
çıxışı, üstəlik, uğurlu çıxışı əsl
sənət hadisəsi
kimi qiymətləndirilə
bilər.
Üzeyir Hacıbəylinin ölməz
operası barədə
geniş danışmağa
ehtiyac yoxdur. Biz, sadəcə, debütantların
çıxışı üzərində
dayanacağıq.
Koroğlunu çağırın, gəlsin...
Əməkdar artist Fərid Əliyev haqlı olaraq bizim teatrın favorit tenoruna çevrilməkdədir. Yaşının, səsinin və fiziki formasının ən yaxşı dövründə olan dramatik tenor teatrda ilk dəfə məhz «Koroğlu»da Həmzə bəy ilə debüt etsə də, əsasən Avropa operalarında çıxış edir.
Nəhayət, Koroğlu kimi
də səhnəyə
çıxdı. Əslində burada bir həssas
məqam var. Bəzən
klassik opera üslubunda
ifaya alışmış
tenorlar Koroğlu partiyasındakı yalnız
bizə məxsus boğaz qaynatmalarını
edə bilmədiklərindən
bu partiyanı «italyanca» ifa edirlər. Yaxşı ki, bu dəfə belə olmadı. Vokalçının
təbiətindəki aktyorluq
qabiliyyəti ilə obraza məftunluq, «mütləq yaxşı oxumaq» məsuliyyəti son
illərin ən güclü səsə malik Koroğlusu ilə bizi tanış etdi.
Çənlibel səhnəsi operada Koroğlu üçün
ən çətin səhnə sayılır. Teatrsevərlər Koroğlunun at üzərində
səhnəyə gəlişini
həmişə maraq
və həyəcanla
gözləyirlər. Yəni əslində həyəcanlanmağa
əsas var. Səhnədə
adamların çoxluğu,
gur musiqi, üstəgəl tamaşaçıların
güclü alqışı
atı ürküdə
bilər. Bildiyimiz qədər,
Fərid Əliyev Qıratla əvvəlcədən
dostlaşsa da, onun səhnəyə çıxışı hər
kəsə bir qədər adrenalin bəxş
etdi. Səhnədən ürkən at əsl
Qırat kimi şahə qalxdı, xoşbəxtlikdən yəhərdə
bir qədər boş oturmuş Koroğlu özünü
toparlayıb at üstündə
qala bildi və hər şey salamat sovuşdu. Xoşagələn
məqam bu oldu ki, keçirdiyi
həyəcan yalnız
onun yanaqlarının
azacıq allanması ilə özünü büruzə verdi,
səsində, oyununda
heç bir sapıntı olmadı. Yeri gəlmişkən, bizim səhnədə ilk dəfədir
ki, Koroğlu qrimdən istifadə etməyib, zəhmət çəkib bığ saxlayıb.
Asan, kəsən Həsən xan ilə Ehsan
paşa
Cahangir Qurbanov ilə Taleh Yəhyayev də bu tamaşanın debütantıdır. Əgər estradadan ciddi
musiqiyə gəlmiş
Cahangir irili-xırdalı
partiyaları və
solo çıxışları ilə operasevərlərə
tanışdırsa, Ehsan
paşanın Taleh Yəhyayevə tapşırılması
rejissor ilə dirijorun riskli addımı sayıla bilər. Ehsan paşanın solo oxusu tamaşada böyük yer tutmasa da, xarakter
və sanbalca Həsən xana bərabər tutulan bir obrazdır. Hələlik geniş auditoriyanın
tanımadığı gənc,
amma güclü səsə malik vokalçı səhnədə
inamlı və təmkinli davranışı
ilə də diqqəti çəkdi.
Keçəl Həmzə, yoxsa
Həmzə bəy?
Bizim milli düşüncəmizdə dastandan tanıdığımız Keçəl Həmzə obrazı az qala Koroğlu qədər elə identikləşib ki, onu 80 yaşlı operada da bəy kimi qəbul edə bilmirik. Amma bizim operasevərlərin münasibətini gördüyümüz üçün deyə bilərik ki, onlar Tural Ağasıyevin Həmzə bəyini qəbul etdilər. Səs, obraz üçün tələb edilən cilddən-cildə girmə bacarığı hələ ki, ikinci plan partiyaları ifa edən gənc tenorun uğuru sayılmadır.
Bir də saraydakılar...
Operada yalnız saray səhnələrində görünən kiçik obrazlardan ikisinin ifaçısı da ilk dəfə idi ki, bu tamaşada səhnəyə çıxmışdı. Fəhmin Əhmədli Vəzir obrazında, Çinarə Şirin isə Xanəndə qız kimi «Koroğlu» sınağından keçdilər. Vəzirin ifası demək olar ki, yalnız reçitativlərdən ibarət olsa da, hər halda onun ifasında heç bir qüsur yox idi. Çinarə Şirin isə bütün qadın işvəkarlığını obrazına köçürməklə tamaşaçını əsl saray xanımı olduğuna inandıra bildi. Onun səs imkanları hər kəsə yaxşı məlum olduğu üçün bu məsələnin üstündə dayanmağa ehtiyac yoxdur.
* * *
Tamaşa baş tutdu və altı debütantın altısı da öz ifası ilə sübuta yetirdi ki, «Koroğlu»nun yaradıcı heyətində onların hər birinin yeri var. Yalnız bir neçə xırda qüsura, xüsusilə geyim və qrim ilə bağlı bəzi cəhətlərə toxunmaq istərdik. Məsələn, sanbal və yaş vermək məqsədilə Həsən xanın bığ-saqqalına gümüşü-ağ tellər artırılıb, amma papaq altından görünən saçı qapqaradır. Həm Həsən xan, həm də Vəzir çox cavandırlar, yüngül qrim ilə onları azacıq yaşlandırmaq olar ki, qırışsız, aydın sifətləri tutduqları mövqe ilə təzad yaratmasın. Necə ki, Ehsan paşanın qrimində onun obrazından çox cavan olması hiss olunmur. Çənlibel səhnəsinə çıxan xordakı bir neçə qadın solistin zinət əşyaları taxması da səhnənin ruhu ilə dissonans yaradır. Yəni tamaşanı idarə edənlər bu xırda qüsurları asanlıqla aradan qaldıra bilərlər.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 27 may.-
S. 6.