İrəvanın maddi və mənəvi
irsi
Gənc tədqiqatçıların elmi-praktik konfransı
Mayın
25-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və AMEA
A.Bakıxanov adına Tarix İnstitutunun
təşkilatçılığı ilə “Bizim nəsil” Gənclərin Regional
İnkişaf Assosiasiyası tərəfindən
“İrəvanın maddi və mənəvi
irsi” mövzusunda gənc
tədqiqatçıların elmi-praktik
konfransı keçirildi.
AMEA-nın konfrans zalında təşkil olunan tədbiri qurumun rəhbəri Nurəddin Mehdiyev açaraq bildirdi ki, dünyada İrəvanın taleyini yaşayan çox az şəhər var. Nankor erməni qonşularımız son yüz ildə qədim Azərbaycan şəhəri İrəvanın müsəlman-türk memarlıq və arxeoloji abidələrini dağıdaraq yox ediblər. Məhv edilən mədəniyyət abidələri vaxtilə bu şəhərdə olmuş rus, alman, ingilis və italyan səyyah və rəssamların əsərlərində yaşayır. Bu gün şəhərin tarixi, toponimləri dünyanın gözü qarşısında saxtalaşdırılır.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov belə bir tədbirin keçirilməsini təqdir etdi. Bildirdi ki, belə konfranslar davamlı olmalı, Azərbaycan gəncləri öz tarixlərinə sahib çıxmalıdır. Tariximizin dərindən araşdırılması üçün daha çox iş görülməlidir. Bu gün İrəvanla bərabər, Gürcüstan və Dağıstanda bizim mədəniyyət tariximiz vardır. Biz heç kimdən torpaq iddiası etmirik. Sadəcə olaraq vaxtilə tarixi yurd yerlərimiz olan bu ərazilərdəki mədəniyyətimizi öyrənməli və təbliğ etməliyik.
Millət vəkili Qənirə Paşayeva da qeyri-hökumət təşkilatlarının İrəvan mövzusuna müraciət etməsini, bu yöndə araşdırmalar aparmasını müsbət qiymətləndirdi. Gənclərə səslənən Q.Paşayeva bildirdi ki, İrəvanın tarixi memarlıq abidələrinin şəkilləri beynəlxalq təşkilatlara göndərilməlidir. Onların diqqətinə çatdırılmalıdır ki, İrəvana gedərkən bu memarlıq abidələri ilə maraqlansınlar. Həmin abidələrin harada və kimə məxsus olduğunu soruşsunlar...
Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı qeyd etdi ki, bu gün ermənilərin iddia etdikləri məsələlərdə tarixi fakt olaraq kilsə amili mövcuddur. Həmin torpaqlarda isə tarixi abidə kimi bir dənə də olsun kilsə yoxdur. Bu ərazilərdə toponim adlarının hamısı türklərə məxsusdur.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, “Sağlam inkişaf və maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov çıxış edərək gənc tədqiqatçıları təbrik etdilər, elmi fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra gənc tədqiqatçılardan Səkinə Bağırovanın “İrəvan Azərbaycan teatrında səhnə rəssamlığının tarixi təşəkkül mərhələləri”, Gülnar Nəzərovanın “İrəvan şəhər mədəniyyəti barədə xarici səyyahların fikirləri”, Pərviz Ağayevin “İslam memarlıq abidələri sırasında İrəvan məscidləri”, Nicat Nağızadənin ”İrəvanda Azərbaycan incəsənəti nümunələri”, Solmaz Sadıqovanın “İrəvan-Azərbaycan ədəbiyyatına həsr olunmuş informasiya resursu” və başqalarının məruzələri dinlənildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 27 may.-
S. 6.