Ömür kitabının 70-ci səhifəsi
Xalq şairi Sabir Rüstəmxanlının yubiley gecəsi keçirildi
Mayın 25-də
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr
olunmuş yubiley gecəsi
keçirildi. Gecədə Baş nazirin müavini Elçin Əfəndiyev,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
millət vəkilləri, elm, mədəniyyət,
ədəbiyyat xadimləri, dost ölkələrdən
qonaqlar iştirak
edirdilər.
Mərasimdə giriş sözü söyləyən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Sabir Rüstəmxanlının həyat və yaradıcılığından geniş danışdı. Onu Azərbaycan ədəbiyyatı və ictimai-siyasi həyatının görkəmli simalarından biri kimi səciyyələndirdi. Bildirdi ki, S.Rüstəmxanlının yaradıcılığında otaylı-butaylı Azərbaycan, xalqımızın keçmişi, problemləri həmişə ön planda olub. O, 1980-ci illərin sonunda baş qaldıran milli azadlıq hərəkatının təşkilatçılarından biri kimi tanınıb.
İlqar Fəhmi qeyd etdi ki, şairin vətənpərvərlik hisləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir.
Türkiyəli şair-publisist Özcan Ünlü yubilyar haqqında ürək sözlərini bölüşdü. Bildirdi ki, S.Rüstəmxanlı əsərlərində bir qayda olaraq ictimai əhəmiyyətli, dövlətçilik mahiyyətli mövzulara toxunub, daima xalqın içərisində olub, aktual məsələləri hər zaman gündəmə gətirməyə çalışıb. Milli birlik, vətəndaş həmrəyliyi həmişə onun mübarizə apardığı məqsədlərindən biridir. O, yubilyarı türk dünyasının şairi adlandırdı: “Sabir Rüstəmxanlı hər zaman xalqlarımızın birliyi, qardaşlığı haqqında çıxışlar edir. Bu onun həyat fəlsəfəsinə çevrilib. Onu bir daha təbrik edir, cansağlığı arzulayıram. Hesab edirəm ki, o, fəaliyyəti və mənalı həyatı ilə Azərbaycan tarixinə və bütün türk dünyasına öz adını yaza bilib”.
Tatarıstanın Xalq şairi Robert Minluri, “Xudojestvennaya literatura” nəşriyyatının direktoru Georgi Pryaxun və başqaları çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışdılar. Vurğulandı ki, ədibin əsərləri insanlara yaşamaq eşqi bəxş edir, dünyaya, həyata tükənməz sevgi hisləri aşılayır. Bütün bunlar şairə tükənməz oxucu sevgisi qazandırır. Bu cəhətləri ona ədəbi fəaliyyəti ilə sərhədləri aşan görkəmli şəxsiyyət kimi yetişməyə yardım edib.
Sonda çıxış edən Sabir Rüstəmxanlı tədbir iştirakçılarına minnətdarlığını bildirdi. 70 illik həyatında insanların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini qeyd etdi: “Bugünlərdə Azərbaycan mətbuatında mənim haqqımda çoxsaylı yazılar yazılıb və bu yazıların heç biri səmimiyyətdən uzaq deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur. Bu tədbirdə bütün türk dünyasından qonaqlar iştirak edir. Əziyyət çəkib gələn, məni qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm”.
Yubiley gecəsində şairin şeirlərinə yazılmış mahnılar səsləndirildi, şeirləri əsasında səhnələşdirilən kompozisiya nümayiş olundu.
Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülən şair “Ömür kitabı”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı” və digər kitabların müəllifidir. “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaları, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)", “Difai fədailəri”, “Sunami” romanları oxucular tərəfindən maraqla qarşılanıb. Əsərlərinin bir çoxu müxtəlif xalqların dillərinə tərcümə olunub.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 27 may.-
S. 5.