Musiqi məktəbində Xalq artisti Firəngiz Əlizadə ilə görüş
Mayın 25-də
Fikrət Əmirov adına 6 saylı onbirillik
uşaq incəsənət məktəbində
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor
Firəngiz Əlizadə ilə görüş
keçirildi.
Məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim Adilə Yusifovanın giriş sözündən sonra Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Aytən Manafova görkəmli bəstəkarın yaradıcılıq yoluna nəzər saldı.
Bildirdi ki, F.Əlizadə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan, ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edən peşəkar musiqiçidir. Son dövrlər bəstəkarın bir sıra nüfuzlu beynəlxalq layihələrin, o cümlədən “İpək Yolu” musiqi festivalının bədii rəhbəri olduğu, həmçinin istedadlı musiqiçilər yetişdirilməsində rolu, ölkəmizdən xaricdə pedaqoji fəaliyyət göstərdiyi diqqətə çatdırıldı. Firəngiz xanımın əsərlərinin Avropa və Amerikanın məşhur festivallarında səsləndiyi vurğulandı.
Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva çıxış edərək bildirdi ki, Firəngiz xanımın yaradıcılığında Qərb və Azərbaycan xalq musiqisi motivləri və müəllifin fərdi üslubu birləşib: “Firəngiz Əlizadənin musiqisi ürəkləri fəth edir. Əsərlərini ifa edərkən biz musiqiçilər bu musiqinin qanadlarında sanki başqa dünyaya uçuruq”.
Çıxışlardan sonra məktəbin şagirdləri bəstəkara maraqlı suallarla müraciət etdilər.
III sinif şagirdi S.Abdullayeva:
- Uşaqlıq illərinizdən
maraqlı bir şey danışın.
- Mən uşaq olanda televizor yox idi, musiqini
ancaq radiodan dinləyə bilirdik. Dahi Üzeyir bəyin “Leyli və Məcnun”, “Koroğlu” operalarını
radiodan dinləmişik.
Sonra valideynlərimlə Opera və
Balet Teatrına getmişəm. Ü.Hacıbəylinin əsərlərinə, Q.Qarayevin
“Yeddi gözəl” baletinə baxmışam.
V sinif şagirdi S.Əhmədova:
- Mən bəstəkar ola bilərəmmi?
- Bəstəkarlıq maraqlı,
şöhrətli və
çətin sənətdir.
Bunun üçün çox oxumaq, çalışmaq
və gözəl bir musiqi alətində
ifa etməyi öyrənmək lazımdır.
Yaxşı musiqiçi olmaq
üçün gərək
indidən yollar arayarsan. Bizim şəcərəmizdə musiqiçi olmayıb.
Ancaq erkən çağlardan bəstəkar olmaq fikrinə düşmüşəm
və valideynlərim bu arzuma qarşı
çıxmayıblar.
VII sinif şagirdi S.Cəfərova:
- Müəllimlərinizi necə
xatırlayırsınız?
- Dahi Qara Qarayev,
Fikrət Əmirov, Soltan Hacıbəyov və başqaları mənim müəllimlərim
olub. Onların sənətdə açdığı cığırla
irəliləyirik və
bu musiqiçiləri
unutmaq mümkün deyil.
* * *
Tədbirin bədii hissəsində məktəbin şagirdləri
dünya və Azərbaycan bəstəkarlarının
əsərlərini səsləndirdilər. Sonda direktor
Adilə Yusifova məktəbin kollektivi adından Firəngiz Əlizadəyə təşəkkürünü
bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 27 may.-
S. 4.