“The Business Year”
jurnalının Azərbaycana həsr olunmuş
xüsusi buraxılışının təqdimatı
keçirilib
Azərbaycanda turizmin inkişafına görə nazir Əbülfəs Qarayevə mükafat təqdim edilib
Mayın 25-də
Bakıda Prezident Administrasiyasının və
“The Business Year” jurnalının təşkilatçılığı
ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan
2016”) təqdimat mərasimi keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Əvvəlcə “The Business
Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş
etdirilib.
Qeyd olunub ki, baş
ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif
bölgələrini - Latın
Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı
təhlillərlə çıxış
edən nüfuzlu şirkətdir. “The Business Year” ayrı-ayrı ölkələrin
sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və
digər məsələlər
haqqında ildə
20-dən çox xüsusi
buraxılış hazırlayır
və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları
dünyanın aparıcı
biznes dairələri tərəfindən maraqla
qarşılanır, işgüzar
əlaqələrin inkişafına
xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə
verir.
Şirkət 2011-ci ildən Azərbaycanla əməkdaşlığa başlayıb
və ölkəmizə
dair altı xüsusi buraxılış
hazırlayıb və
yayıb. Nəşrin builki buraxılışında
“Çoxqütblü dünyaya
doğru” mövzusunda
IV Bakı Qlobal Forumunun açılışında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin nitqi, ayrı-ayrı dövlət
və hökumət başçıları ilə
müsahibələr, bu
il Bakıda təşkil olunacaq
“Formula-1” Avropa Qran-prisi
və Dünya Şahmat Olimpiadasının
hazırlıq mərhələlərinə
həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət
qurumlarının, yerli
və ölkəmizdə
fəaliyyət göstərən
xarici şirkət rəhbərlərinin müsahibələri
əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov
“The Business Year” nəşrinin artıq altıncı ildir ölkəmizin müasir inkişafını
bütün sahələrdə
dərindən təhlil
edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim
etməsi baxımından
fəaliyyətini yüksək
qiymətləndirib. Diqqətə çatdırıb ki, nəşrin yaradıcı
heyəti yüksək
peşəkarlıqla Azərbaycanın
müasir inkişaf tarixinin bütün sahələrini əhatə
edən zəngin arxiv yaradıb.
Nəşrin 2013-cü ildə Azərbaycan
Prezidenti İlham Əliyevi “İlin adamı” seçdiyini xatırladan Əli Həsənov həmin vaxt dövlətimizin başçısının rəhbərliyi
ilə qazanılan mühüm uğurları
diqqətə çatdırıb.
Bildirib ki, həmin dövrdə BMT Təhlükəsizlik
Şurasının üzvü
seçilən Azərbaycan
dünyada sülhün
və əməkdaşlığın
təbliğində fəal
iştirak edib. Bundan başqa, dünyada kosmik klubun üzvünə
çevrilən Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayan nəhəng enerji layihələrinin uğurla
reallaşdırılmasına böyük töhfələr
verib.
Prezident Administrasiyasının rəsmisi
nəşrdə Azərbaycanın
Şimal ilə Cənub və Şərq ilə Qərb arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinin
yüksək dəqiqliklə
əksini tapdığını
deyib. Azərbaycanın
bu il
iki böyük foruma - IV Qlobal Bakı Forumuna və BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumuna yüksək səviyyədə
ev sahibliyi etdiyini deyən Əli Həsənov bu nailiyyətlərin də nəşrin diqqət mərkəzində
saxlanıldığını vurğulayıb.
“The Business Year” nəşri Azərbaycanın əldə
etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında
Prezident İlham Əliyevi “Dünyada ilin adamı” seçib.
Bu təşəbbüsə görə nəşrin redaksiya heyətinə dərin minnətdarlığını
çatdıran Əli
Həsənov belə
layihələrin Azərbaycanın
beynəlxalq imicinin formalaşmasında və
təbliğində mühüm
önəm daşıdığını
söyləyib.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda bütün sahələrlə
yanaşı, mədəniyyət
və turizmin inkişafına da göstərilən yüksək
diqqət və qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur
layihələrinin əhəmiyyətini
vurğulayaraq, Azərbaycan
dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin
və turizmin inkişafına göstərdiyi
diqqətdən ətraflı
bəhs edib.
Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı
Elmar Vəliyev, “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev, “The Business Year” nəşrinin baş redaktoru Leland Rays Azərbaycanda
görülən işlərdən
danışıblar.
Tədbirdə mükafatlandırma mərasimi
olub. Qeyd edilib ki,
“The Business Year” nəşri müxtəlif sahələrdə
böyük uğurlar
əldə edən rəsmi şəxslər,
kommersiya və qeyri-hökumət strukturları
üçün dünyada
“İlin birincisi” mükafatını təsis
edib.
Bildirilib ki, 25 illik müstəqillik
tarixinə malik Azərbaycanın qazandığı
uğurlar hətta dünyanın aparıcı
ölkələri üçün
nümunə hesab oluna bilər. Bütün bu
nailiyyətlərin əldə
olunması birbaşa Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Göstərilən amilləri nəzərə
alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən
təhlil edərək
“The Business Year” şirkəti İlham Əliyevi “2015-ci ildə dünyada ilin adamı” seçib.
Sonra nəşrin
ekspertlərinin Azərbaycanda
müxtəlif sahələr
üzrə seçdikləri
bir sıra şəxslərə “İlin
birincisi” mükafatları
təqdim olunub.
Azərbaycanda turizmin inkişafına görə “İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.
Qeyd edək ki,
“The Business Year” jurnalının Azərbaycanla
bağlı xüsusi
buraxılışı artıq altıncı dəfədir nəşr
olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi
inkişafının əsas göstəriciləri, beynəlxalq
miqyasda artan nüfuzu barədə oxuculara
ətraflı məlumat verilir.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 3.