Şairəm, çünki
vəzifəm budur...
Xaçmazda “Sabir poeziya günü” keçirilib
Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldib, onu ictimai məfkurə baxımından daha da zənginləşdirərək xalq arasında böyük söz ustası kimi geniş şöhrət tapıb. “Molla Nəsrəddin” məktəbinin fəal üzvlərindən biri olan mütəfəkkir şair öz əsərlərində insanları mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırıb.
1962-ci ildən başlayaraq hər il may ayının 30-da - görkəmli şairin doğum günündə “Sabir poeziya günü” keçirilir. Son illər bir qayda olaraq şairin doğulduğu Şamaxıda gerçəkləşən “Sabir poeziya günü”nün məkanı bu dəfə Xaçmaz şəhəri olub. Poeziya şöləni Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə Xaçmaz rayon Mədəniyyət mərkəzində keçirilib.
Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, tanınmış şair, yazıçı və ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Qonaqlar açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi və Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar.
Mədəniyyət mərkəzində tədbiri “Sabir poeziya günləri”nin məsul katibi Əjdər Ol açıb.
AYB-nin sədri, Xalq yazıçısı Anar yarım əsrdən çoxdur şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Sabir damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyidir.
Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi Rəşad Məcid, M.Ə.Sabirin nəticəsi İradə Tahirli, şairlər Paşa Qəlbinur, Əhməd Qəşəmoğlu, Sabir Sarvan, Sayman Aruz, ədəbiyyatşünaslar Rüstəm Kamal, Təyyar Salamoğlu çıxış edərək böyük ədib və satirik şairin həyat və yaradıcılığından danışıblar, onun satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıblar, şairə xalq məhəbbətindən söz açıblar.
Bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifasında Sabirin şeirləri səsləndirilib.
Xaçmaz Rayon İcra
Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri İlhamə Nəzərova
çıxış edərək əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan mədəniyyət
siyasətinin uğurla davam
etdirilməsinin qürurverici olduğunu söyləyib, belə bir tədbirin Xaçmazda keçirilməsinin rayon ictimaiyyəti üçün
əlamətdar olduğunu bildirib.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.2