Azərbaycan musiqisinə qarşı növbəti təxribat

 

 

Mədəniyyət və Turizm Nazirliyi Almaniyada keçirilən “Sarı gəlin” konsertləri ilə bağlı bəyanat yayıb

 

Mayın 21-də Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilmişdir. Şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo da çıxış etmişdir. Gecədə ifa olunmuş Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı bildirir ki, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikasının xüsusi qanunu qəbul edilmişdir. Qanuna əsasən xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir.

Bu folklor nümunələrinin qorunması ilə bağlı məsələlər "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin "a" yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir. Konvensiyaya, həmçinin "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna uyğun olaraq Müəllif Hüquqları Agentliyi Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin qorunması ilə bağlı müvafiq tədbirlər görməyə səlahiyyətlidir.

Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi ekspert rəyində bildirilir ki, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridirmilli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulubtarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarət funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəstgahının əsas şöbələrindən biridir.

Beləliklə, "Sarı gəlin" Azərbaycan türklərinə məxsus olan qədim xalq mahnısıdır. Bu mahnını bütün türk xalqları, hətta ermənilər də ifa edirlər. Lakin "Sarı gəlin"i ermənilərin ifa etməsi onun erməni mahnısı olması demək deyil.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən rus, ingilis və digər dillərdə nəşr olunmuş “Erməni yadelli nağılları” kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən "Sarı gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanmışdır.

Kitabda qeyd edilmişdir ki, ötən əsrin 50-ci illərində ermənilər tərəfindən lentə yazılmış xalq musiqiləri arasında "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş qədim Azərbaycan mahnısı "Sarı gəlin" də yer almışdır. Belə cəhdlər bu günə qədər davam edir, özü də ermənilər onu "Sarı gəlin" kimi ifa etməyi daha üstün tuturlar, nəinki "Yes keza tesa" adı altında oxumağı.

“Sarı gəlin” mahnısının etimologiyası da onun türk köklü mahnı olmasını sübut edir. "Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" sözü "gəlmək" feilindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir.

Mütəxəssislərin fikrincə, "Sarı gəlin" xalq mahnısının ən azı bir neçə yüz illər tarixi vardır. İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub.

“Sarı gəlin” mahnısının erməniləşdirilməsi ilə bağlı bir sıra məqalə, ekspert rəyləri və bəyannamələr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən dərc olunmuş, hətta mahnının özünkünküləşdirməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 11 iyun tarixində Almaniyanın Hildeshaym və 25 iyunda Bremerhaven şəhərlərində “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirirbu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.7